Zelenskinin keçmiş sözçüsü: Kiyev sakinləri şəhəri kütləvi şəkildə tərk edir

Ukrayna Prezidentinin keçmiş mətbuat katibi Yuliya Mendel Kiyev sakinlərinin təhlükəsizliyin pisləşməsi səbəbindən şəhəri tərk etdiyini bildirib.

Sherg.az xəbər verir ki, Mendel bu barədə X sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, Kiyevdə həyat hər gün daha təhlükəli olur və getdikcə daha çox sakin şəhəri tərk edir.

Mendel Ukrayna hakimiyyətini də tənqid edib. O, uzun müddətdir davam edən münaqişə fonunda hökumətin vətəndaşlara kifayət qədər yardım və yaşayış yeri təmin etmədiyini, əvəzində onların yaşadığı çətinliklərdən siyasi piar məqsədilə istifadə etdiyini iddia edib.

Qeyd edək ki, Ukrayna Ali Radasının keçmiş deputatı Spiridon Kilinkarov da ölkədə qış aylarında enerji təminatı ilə bağlı vəziyyətin qeyri-müəyyən olduğunu bildirib. Onun sözlərinə görə, uzunmüddətli elektrik enerjisi kəsintiləri riski səbəbindən bəzi şəhər sakinlərinə köçmək imkanını nəzərdən keçirmək tövsiyə olunur.