“Kaspersky Lab”: Bir milyon istifadəçi kompüteri təmizləyərkən kibertəhlükələrlə üzləşib


"Kaspersky Lab" şirkətinin mütəxəssisləri son zamanlar “hoax system cleaners” – kompüterin təmizlənməsi və optimallaşdırılması proqramı ilə üzləşən istifadəçilərin sayında iki dəfə artım müşahidə ediblər. Bu proqram istifadəçiləri cihazlarının vəziyyətinin kritik həddə olması ilə qorxudur. “Kaspersky Lab”in statistikasına görə, 2019-cu ilin ilk yarısında bu cür proqramları cihazlarına təxminən 1,5 milyon istifadəçi yükləməyə çalışıb. 2018-ci ilin eyni dövründə bu rəqəm əhəmiyyətli dərəcədə az - 747 min olub. Rusiyada hər 11-ci istifadəçi bu problemlə üzləşib.

“Hoax” - proqramlarının özəlliyi ondan ibarətdir ki, onların yaradıcıları göstərdikləri xidmətlərə görə (məsələn, cihazın yaddaşını silmək üçün) pul tələb etməklə yanaşı, üzə çıxmış problemi şişirdərək istifidaçilərdən onlardan qurtulmaq üçün əlavə ödəniş etmələrini tələb edirlər. “Kaspersky Lab” mütəxəssisləri qeyd edirlər ki, cinayətkarlar əməliyyat sistemini təmizləmək adı ilə xüsusi zərərli proqramlar, məsələn, sistemin funksionallığını qismən məhdudlaşdıran proqramlar da yaya bilərlər.

«Hoax system cleaners» sistemi ilə ən çox Yaponiya (12%), Almaniya (10%), Belarus (10%), İtaliya (10%) və Braziliya (9%) istifadəçiləri qarşılaşıb.

“Son iki ildə “hoax system cleaners” fenomeninin daha aktiv olduğunu müşahidə edirik. Bu da məntiqlidir, çünki cihazlarda saxlanılan məlumatlar daim artır və onların saxlanılması üçün əlavə yerlərin təmizlənməsi vasitələrinə tələbat yüksəlir. Cinayətkarlar da bundan istifadə edir. Bir tərəfdən, biz sadə bir sxeminin daha təhlükəli bir hala çevrilməsi halı ilə artıq üzləşmişik, digər tərəfdən isə, bu proqramın istehsalçılarının bəziləri aşkarladıqları problemlərin əhəmiyyətini şişirdərək, satış imkanlarını artırmağa çalışırlar. Əgər bu davranış istehsalçılar tərəfindən düzəldilirsə, onda biz onların “soft”larını təmiz proqram təminatı kateqoriyasına köçürməyə hazırıq", - bunu “Kaspersky Lab” şirkətinin antivirus mütəxəssisi Artyomiy Ovçinnikov deyib.

“Kaspersky Lab” həlləri “hoax system cleaners” sistemini aşkarlayıb məhdudlaşdırır.

Bu təhlükəyə məruz qalmamaq üçün şirkətin mütəxəssisləri istifadəçiləri kompüterin təmizlənməsi proqramlarını ancaq yoxlanılmış və ixtisaslaşdırılmış İT saytlarında axtarmağı, elecə də, özündə əməliyyat sisteminin təmizlənməsi funksiyası olan kompleks qoruma həllərindən istifadə etməyi tövsiyə edir, məsələn – “Kaspersky Security Cloud” kimi.