Deyirlər ki, intihar cəhdlərində məqsəd əksər vaxt ölmək yox, hiss olunan ağrıları azaltmaqdır. İllərdir, dünyanın ən xoşbəxt ölkələri siyahısında ilk sırada yer alan Finlandiya intihar hadisələrinin ən çox yayıldığı yerlərdən biridir. Yeniyetmələrin intihar etməsinin bir çox səbəbi depressiya, şizofreniya, zorakılıq, sosial təcrid, tənhalıq, evdə və ya xaricindəki mənfi vərdişlər kimi sosial problemləri zehni xəstəliklərlə əlaqələndirilir.
Son zamanlar Azərbaycanda bir-birinin ardınca baş verən intihar hadisələri hamını çox sarsıdıb. Həmin insanları bu nöqtəyə gətirə biləcək səviyyədə bir problem nə ola bilər, bir çox insan bununla maraqlanır və hər kəs öz şərhlərini ortaya qoyur.
"Sherg.az" olaraq getdikcə cavanlaşan intiharların səbəblərini öyrənmək üçün psixoloq Leyli Muradlıya müraciət etdik.
O bildirdi ki, belə neqativ hallar gəncləri dinləməməkdən irəli gəlir:
"Belə hadisələr əsasən qadınlar arasında müşahidə edilir. Onlar həyatının bitdiyini və bundan sonra həyatın olmadığını düşünərək intihara əl atır. Hazırda ən böyük təsir koronavirusun yaratdığı gərginlik, depressiya və gənclərin işsiz qalmasıdır. Tendensiyanın qarşısını almaq üçün cəmiyyət olaraq maarifləndirmə işləri aparmalıyıq. Verilişlərdə düzgün təbliğat aparılmır. Əhalinin əksəriyyəti sosial şəbəkələrdən istifadə edir və televiziya verilişlərini izləyir. İnsanlara sosial mediadan fərqli olaraq televiziya daha çox təsir göstərir.
Ona görə belə mövzulara daha çox yer verilməlidir. Mentalitetmizdə namus, qeyrət anlayışı var, lakin bu nüansa toxunaraq qadınları daha çox əzmək doğru deyil. İnsana şəxsiyyət kimi yanaşmaq lazımdır, cinsiyyət kimi yox".
Psixoloq diqqətə çatdırıb ki, karantin qüvvəyə minəndə hər kəs etiraz edirdi, indi isə insanlar bu duruma alışıb:
" Fikir verirsinizə, hərbidən qayıdan şəxslərdən də intihar edənlər olub. Onlar odun-alovun, gülləbaranın içərisindən çıxdıqları üçün özlərini toparlaya bilmədilər. Səbəb müharibədən sonra normal həyata adaptasiya prosesinin çətin getməsidir. Həmçinin indi baş verən intihar hadisələri də bundan irəli gəlir. Biz internetdən, texnologiyada asılıyıq. Fərqində olmadan gördüyümüz şeydən təsirlənirik".
Ailədaxili münaqişə və ölüm hadisələrinin yaşanması məsələsinə toxunan L.Muradlı vurğulayıb ki, evlənərkən də cütlük psixoloji yardım almalıdır. Onlar yoxlamadan keçməlidir ki, bu evlilik baş tuta bilər, yoxsa yox:
“Bəlkə, qızınız bir “manyak”la ailə həyata qurur?! "Yaxın zamanlarda Bakıda zibil qutusundan doğranmış qadın meyiti tapılmışdı. O qızın valideyni evlərində olan problemi bilirdi? Əgər xəbəri var idisə, o zaman qadına “sənin o evdən kəfənin çıxmalıdır” deyib? Nəzər saldım, lakin kişinin qınanıldığını görmədim. Əksəriyyəti qadın nə edibsə, ona görə belə hal yaşanıb deyirdi. Ən acınacaqlısı odur ki, bəzi xanımlar belə doğranmış qadını qınayırdı. Məsələ araşdırılmalıdır, həmin qadın “bataqlığa”gedəndə valideyn ona əlini uzadıb? Yoxsa deyib ki, “bat, mən çöldə daha rahat gəzim?”
Ümumiyyətlə, intihar hadisələrinin kökü aydınlaşdırılmalıdır. Bir şəxsin intihar etməzdən 1 həftə əvvəl həyatında nələr baş verdiyini öyrənmək lazımdır".