Gənclərin çoxu eyni problemdən əziyyət çəkir

Ona görə onların intihara əl atması gözlə qaş arasındadır

Ötən il Azərbaycanda qeydə alınmış intihar hadisələrinin sayı açıqlanıb.
Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, 2020-ci ildə respublika ərazisində 597 intihar faktı qeydə alınıb.
Bu, 2019-cu illə müqayisədə 32 nəfər çoxdur. Yəni həmin il 565 intihar hadisəsi qeydə alınmışdı. 
2021-ci ilin başlanğıcından ard-arda gələn özünəqəsd xəbərlərindən bu ilin statistikasının son iki ildən heç də az olmayacağını deməyə əminlik yaradır. 

Bəs insanları bu addımı atmağa vadar edən nədir? 

Mövzu ilə bağlı psixoloq Lalə Əliyeva "Şərq"ə açıqlama verib. O deyib ki, son dövrlərdə  intihar məsələsi aktual problemə çevrilib:

"Psixoloji baxımdan insan  çıxış yolu tapa bilmədiyi halda çətin situasiyalara düşür. İntihar cəhdlərini şərtləndirən amillər müxtəlif ola bilər:  sevdiyi şəxsin itirilməsi, boşanma, cinsi zorakılıq, fiziki zorakılığa məruz qalma, əsəb pozuntusu, dərin depresiya, tənhalıq və s. Çox hallarda intiharı düşünən insan bununla bağlı bir çox işarələr verir. 

Özünə qəsd edən hər 10 nəfərdən 8-i xəbərdarlıq edir.   İntiharı düşünən insan öz planlarını nə qədər ətraflı təsvir edirsə, bu ehtimal bir o qədər  yüksəkdir.  Həmçinin, özünəqəsd haqqında söhbətlər də intiharla bağlı fikirləri gücləndirə bilər.

İntihara cəhd etmək istəyən insanlar daha çox psixi pozuntulardan əziyyət çəkirlər. Lakin demək olmaz ki, intihar etmək  insanların  hamısı psixoloji pozuntudan əziyyət çəkir. İntihara cəhd etmək istəyən insan psixoloji mənəvi ağrı hiss edir, yaranan konfliktlərlə başa çıxa bilmir və  bir növ  ümidsizləşir.  Belə insanların  yalnız bir məqsədi olur - yaxınlarının diqqətini özünə cəlb etmək və ətrafdakıların mərhəmətini qazanmaq. Bu isə əslində çox dərin psixoloji travmanın olmasından xəbər verir.

İntihara cəhd edənlər arasında gənclər daha çox üstünlük təşkil edir.

Gənclər arasında bu problemin olması, əslində, zəncirvari xarakter daşıyır. Yaşanan hadisələrə diqqətlə nəzər salsaq görərik ki, gəncin hansı formada intihara cəhd etməsi digərlərinin də eynilə o formanı təkrarlaması, intihar etməsi halı müşahidə edilir. Bu onların eyni problemdən əziyyət çəkdiklərinə və çıxış yolunu digərləri kimi intiharda gördüklərinə işarədir.

Ağarza Elçinoğlu