Cəlilabadda atanı qətlə yetirib, oğlunu yaralayan şəxs həbs edildi - YENİLƏNİB + RƏSMİ

Cəlilabadda baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, aprelin 14-də saat 21 radələrində Cəlilabad rayonu, Ocaqlı kənd sakini 1988-ci il təvəllüdlü Əliyev Ceyhun Cabir oğluna bıçaqla xəsarətlər yetirilməsi, atası 1964-cü il təvəllüdlü Əliyev Cabir Saleh oğlunun isə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla Ceyhun Əliyevin tanışı, əvəllər məhkum olunmuş Niftullayev Ragin Mirzəbala oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Ceyhun Əliyevə çoxsaylı xəsarətlər yetirməsinə, daha sonra həmin bıçaqla sonuncunun atası Cabir Əliyevə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Ragin Niftullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

10:54

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə ötən gün gecə saatlarında rayonun Qarazəncir kəndində qeydə alınıb.

İlkin məlumata görə, rayon sakini ata və oğlunu bıçaqlayıb.

Bıçaqlananlardan Əliyev Cabir Saleh oğlu ölüb, onun oğlu Əliyev Ceyhun isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.