Ana ölümü ilə bağlı araşdırma başlandı - YENİLƏNİB


Baş Prokurorluq Lənkəran rayonunda ananın qeysəriyyə əməliyyatından sonra ölümü ilə bağlı açıqlama verib.

Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 26-da Lerik rayonunun Hücü kənd sakini Yaqubzadə Fəridə İlyas qızının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1993-cü il təvəllüdlü Fəridə Yaqubzadənin mayın 25-də daxil olduğu Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Perinatal mərkəzində qeysəriyyə əməliyyatı nəticəsində uşağının doğulması, əməliyyatdan sonra ananın vəziyyətinin pisləşməsi və ertəsi gün saat 5 radələrində ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

10:42

Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ana ölümü qeydə alınıb.

Oxu.Az-ın məlumatına görə, dünən axşam saatlarında qeysəriyyə əməliyyatı keçirən Lerik rayon Hücü kənd sakini, 1993-cü il təvəllüdlü Fəridə İlyas qızı Yaqubzadə səhər saatlarında dünyasını dəyişib. Uşağın vəziyyəti normal qiymətləndirilir.

F.Yaqubzadənin yaxınları qadının həkim səhlənkarlığı nəticəsində vəfat etdiyini iddia edirlər.

Mərhumun yeni doğulan körpədən başqa 5 və 4 yaşlarında uşaqları var. 

Faktla bağlı araşdırma aparılır.