Bakıda şirniyyatın içərisindən metal
parçasının çıxdığı iddia olunur.
Bu barədə "Report"a şikayət Azad
İstehlakçılar Birliyindən (AİB) daxil olub.
Birlikdən bildirilib ki, hadisə ilə bağlı
Bakı şəhər sakini Ağabala Qurbanov tərəfindən AİB-ə müraciət daxil olub. Belə
ki, şikayətçi 6 yaşlı nəvəsinin yediyi "pryanik"in içərisindən
qaykanın çıxdığını bildirib. AİB-dən deyilib ki, sözügedən qida məhsulu fiziki
şəxs N.Süleymanova məxsus sexdə istehsal olunub.
Vətəndaş qeyd edib ki, müəssisədə
sanitar-gigiyeniya qaydalarına əməl olunmur.
"Report" məsələ ilə bağlı Bəşir
Bünyatov küçəsində fəaliyyət göstərən, N.Süleymanova məxsus şirniyyat sexi ilə əlaqə
saxlayıb. Sahibkar səhlənkarlıq ola biləcəyini istisna etməyib:
"Biz adətən diqqətli yanaşırıq. İndi dəqiq
deyə bilmirik necə olub. Birinci dəfədir belə halla rastlaşırıq".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən
(AQTA) “Report”a bildirilib ki, Azad İstehlakçılar Birliyi tərəfindən
təqdim olunmuş şikayət Agentlik tərəfindən qeydə alınıb və araşdırmalara
başlanılıb:
“Araşdırmanın nəticəsi barədə məlumat veriləcək”.