Rusiyada universitetə silahlı basqın: ölənlərin sayı 8-ə çatıb

Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Rusiya İstintaq Komitəsi ali məktəbə hücum etməkdə şübhəli bilinən şəxsin saxlandığını təsdiqləyib. Komitədən bildirilib ki, həmin şəxs saxlanılan zaman silahlı müqavimət göstərib. Hüquq-mühafizə orqanlarının gördüyü cavab tədbirləri nəticəsində hücum edən şəxs yaralanıb.

11:50
Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.

Hücum nəticəsində 14 nəfər yaralanıb.

11:40
Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

“Report” Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

11:24
Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.