Bakıda dəhşətli qəza baş verən yerdən yeni görüntülər  - VİDEO

Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən dəhşətli qəzanın yeni görüntüləri yayılıb. 

Oxu.Az xəbər verir ki, videoda avtobusun aşması və kənarda bir neçə şəxsin meyitinin olması əks olunub. 

Hadisə yerinə hüquq-mühafizə, təcili tibbi yardım, yol və post patrul xidmətlərinin, eləcə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. 

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.

Qəzanın yük avtomobilinin sürücüsünün sükan arxasında yuxulamasının səbəb olduğu bildirilib.

Yük avtomobilinin sürücüsü, 2002-ci il təvəllüdlü, Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğlu saxlanılıb.