Göbələkdən zəhərlənmə! -  “AQTA  eyni səhvi təkrar edir"

“Maraqlısı budur ki, eyni bir qurum həm sertifikat verir , həm də zəhərlənməni qeydə alır”

“Belə olduğu üçün zəhərlənmələr daim gizlədilir”

Xəbər verdiyimiz kimi, Qax rayonunda iki uşaq -12 yaşlı Murad Qasımlı və 9 yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərlənərək vəfat edib. Baş Prokurorluq faktla bağlı araşdırmalara başlayıb. Hadisə risk  qrupa daxil olan bu yeyinti məhsuluna üzərinə diqqət çəkdi. Sərbəst şəkildə yol  kənarlarında satılan bu məhsul sağlamlığımız üçün nə dərəcədə təhlükəlidir?  

İnsan ölümünə yol açan bu kimi mənfi halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?   Bu suallara aydınlıq gətirən Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov bildirib ki, risk qrupuna daxil olan ərzaq məhsulları var. Bu qrupa göbələklər, balıqlar , balıq konservləri və s. daxildir:

“Bunlar insanı tez zəhərləmə xüsusiyyətinə malikdir. Göbələklərin 2 mindən çox növü var. Azərbaycanda göbələyin az sayda növü yeyilən hesab olunur. Hətta bu yeyilən növlərin belə təhlükəli tərəfləri olur. Bugünkü faciəvi hadisə onu göstərir ki , zəhərlənmənin mənbəyi  yalnız sənaye üsulu ilə hazırlanan məhsullar deyil . 
İllər boyu Səhiyyə Nazirliyi və ya da Azərbaycan Qida Təglükəsizliyi Agentliyi(AQTA) tərəfindən həm məhsullara sertifikat verilirdi, həm də şəxslərin zəhərlənməsinin qarşısını alacaq işlər görülürdü. Maraqlısı budur ki, eyni bir qurum həm sertifikat verir , həm də zəhərlənməni qeydə alır. Belə olduğu üçün zəhərlənmələr daim gizlədilib.

Düşünürəm ki, bu gün  sertifikat verən orqanla, məhsulların təhlükəsizliyinə təminat verən AQTA  eyni səhvi təkrar edir. Zəhərlənmə olduqda əksər hallarda istehlakçı günahkar çıxarılır. Bu məsələni həll etməliyik. Sertifikat verən orqan ayrı olmalıdır. Belə işlərin qarşısını almaq üçün zəhərlənmələrin statistikası müəyyən edilib, məhkəmə qərarı olmalı və  zərər çəkən şəxslərə kompensasiya ödənilməlidir. 

  E.Hüseynov bildirib ki, qida təhlükəsizliyinə dair dövlət proqramının ikinci bəndinə baxsaq, görərik ki, orada dünyada zəhərlənmələrin statistikası göstərilir:

“Dünya statistikasının  Azərbaycan  ilə təmasını qursaq görərik ki, bir ildə orta hesabla ölkəmizdə 490 nəfər zəhərlənmədən ölməlidir. Amma biz bu rəqəmlərin  aşağı olduğunu görürük. Bu onu göstərir ki, zəhərlənmə halları gizlədilir. İnsanları göbələklərdən ümumilikdə risk qrupuna daxil olan məhsullardan ehtiyatlı olmağa çağırıram.