Kiçik bir səhv, ani qəzəb həyatı bitirir

Vətən döyüşçüsünün “Tik-Tok” qurbanına çevrilməsi çox üzücüdür

"Hər bir vəziyyət üçün hüquqi yollar var. Şikayət olmadıqca, sosial şəbəkələrdə “at oynadanlar” daha da sərbəstləşir, məsuliyyətsiz hiss edirlər. Elə bilirlər ki, kimsə onların qarşısını ala bilməyəcək"

“Tik-Tok” can aldı. Həm də bir Vətən döyüşçüsünün. Hadisə ilə bağlı Baş    Prokurorluq məlumat yayıb. Qeyd olunur ki, noyabrın 9-u saat 17 radələrində şəhər sakini 1991-ci il təvəllüdlü Natiq Ramazanovun aldığı xəsarət nəticəsində xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrlə əlaqədar şəhər sakini, 1982-ci il təvəllüdlü Əli Musayev ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb, bu zaman aralarında baş vermiş mübahisə zamanı sonuncu Natiq Ramazanova sağ budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o, xəstəxanaya aparılarkən yolda keçinib. 

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Əli Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir. 
Lent.az-ın məlumatına görə isə bıçaqlanaraq öldürülən Natiq Ramazanov Zaqatala rayonunun Zəyəm kəndindəndir. O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunu olan N.Ramazanov hərbi xidmət vaxtı kursda iştirak edərək leytenant rütbəsi alıb. 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsi başlayan ilk günlərdən Natiq könüllü müharibəyə yollanıb. Bölük komandiri kimi döyüşən Natiq Ramazanov Hadrut, Füzuli və Cəbrayılın işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. Ailəsinin dediyinə görə, Natiq evli olub. Onun iki yaşlı bir oğlu var imiş.  

N.Ramazanovun gələn ay yeni körpəsi dünyaya gələcəkmiş. O, dünən Zaqatalada torpağa tapşırılıb. Deməli, Vətən torpağını düşməndən azad etmiş əsgər paytaxtda, həm də Zəfər bayramını qeyd etdiyimiz günlərdə qətlə yetirilib. Erməni gülləsinin bata bilmədiyi döyüşçü “Tik-Tok” qurbanına çevrilib. 

Bir vaxtlar yeniyetmə və gənclər, çox zaman elə yaşlılar da internet klublarda vaxt keçirir, “Sobesednik”, “Odnoklassnik” sosial şəbəkələrində yazışır, “yeni” dostlar, tanışlar tapırdı, sonra da elə bu “dostlar” arasında davalar, hətta qanlı bitən “razborka”lar olurdu. İndi hərənin əlində bir smartfon, “ağıllı telefon” var, sosial şəbəkələrdə fasiləsiz yazışır, foto, video paylaşır, kiminsə sözü digərinin boğazından “keçməyəndə” də söyüşə, təhqirə, nalayiq ifadələrə keçid edirlər.   

Sosial şəbəkələrdə təhqirlərin, nalayiq ifadələrin, ictimai təhlükə daşıyan paylaşımların qarşısını almaq, zərərsizləşdirmək mümkün deyilmi?  

Hüquqşünas Ələsgər Məmmədli “Şərq”ə açıqlamasında baş vermiş hadisənin üzücü olduğunu dedi: 

- Əvvəla, onu deyim ki, Vətən müharibəsi iştirakçısının “Tik-Tok” qurbanına çevrilməsi çox üzücüdür. Problem təkcə sosial şəbəkələrlə bağlı deyil. İstər sosial şəbəkələr – virtual aləm olsun, istərsə də gerçək həyat, mübahisələr, münaqişələr baş verir. Bu hadisədə isə sosial şəbəkə gəncin ölümündə bir vasitə olub.  İnsanlar arasında münaqişə virtual aləm üzərindən də baş tuta bilər, real həyatda, hansısa parkda, bağda, kafedə də. Heç kim münaqişədən sığortalanmayıb, amma hər bir insan bunu dərk edərək mümkün qədər soyuqqanlı olmağa çalışmalıdır. Unutmamalıdır ki, kiçicik bir səhv, ani qəzəb həyatın bitməsi ilə - bu, kiminsə ölümü, kiminsə həbsxana həyatına məhkum olması ilə nəticələnə bilər. 

Ə.Məmmədli qeyd etdi ki, sosial şəbəkələrdəki paylaşımlarda konkret şəxsə yönəlmiş təhqiredici ifadələr, şəxsin şərəf və ləyaqətinin alçaldılması varsa, hüquq-mühafizə orqanlarına müraciət etməkdə tamamilə haqlıdır:

- Hər bir vəziyyət üçün hüquqi yollar var. İstənilən şəxs özünə qarşı təhqir, nalayiq ifadələr işləndiyi üçün Cinayət Məcəlləsinin 148-ci maddəsinə (müəyyən bəndlərlə) əsaslanaraq prokurorluğa müraciət edə bilər. Hər kəs bilməlidir ki, vətəndaşın hüquqları toxunulmazdır. Bilirsiz, şikayət olmadıqca, sosial şəbəkələrdə “at oynadanlar” daha da sərbəstləşir, məsuliyyətsiz hiss edirlər. Elə bilirlər ki, kimsə onların qarşısını ala bilməyəcək. Odur ki, belə hallar getdikcə yayğınlaşır.  Vətəndaş konkret özünə qarşı, yaxud ictimai təhlükə, təhdid daşıyan, ictimai asayişə yönəlik hal görürsə, hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Bu, hamının haqqıdır.