Oğuzda baş verən yol qəzasında ölənlərin sayı artıb - YENİLƏNİB


Oğuzda baş verən ağır yol qəzasında ölənlərin sayı üçə çatıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, həkimlərin səyinə baxmayaraq 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

***

18.25

Oğuzda ağır yol qəzası olub, bir ailənin iki üzvü ölüb, daha üç üzvü isə xəsarət alıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saat 15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 129-cu kilometrliyində, Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəki şəhər sakini Elmar Eldəniz oğlu Məmmədov idarə etdiyi “Reno Meqani markalı, 99 NL 192 dövlət nömrə nişanlı minik avtomobil ilə Şəkidə Oğuz istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb. Qəza zamanı avtomobilin sürücüsü Elmar Məmmədov və avtomobildə sərnişin qismində olan baldızı, 2003-cü il təvəllüdlü Xadicə Ağəli qızı İsmayılova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişinlər sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Günel Ağəli qızı Məmmədova, övladları 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov və qardaşı 1999-cu il təvəllüdlü Elmin Eldəniz oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan azyaşlı Eldar Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.