Məktəbli intiharları artır! - Məktəblərdə ya  psixoloqlar olmur, ya da... – Çıxış yolu göstərildi 

Xaçmaz rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə martın 2-də Xudat şəhərində qeydə alınıb.
Şəhər sakini 16 yaşlı V.M. yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.
İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. V.M. məktəblidir.
Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, məktəblilərin intiharına tez-tez rast gəlinir. Onların özünə qəsd etmələrinin müxtəlif səbəbləri var. Çox vaxt yaşadıqları stress, depressiya, maddi sıxıntı və ağır hadisələr ölümlə nəticələnir.  Valideyn, müəllim, dost-tanış, ətraf və s. bu istiqamətdə təsir göstərir. Ana-ata savadsızlıqdan və ya işlədiyindən övladlarına düzgün şəkildə kömək olmur. Müəllimlər ya laqeyd olur, ya da öz sahələri olmadığından stimul verə bilmirlər. Mühit isə, çox vaxt acımasız davranır. Buna görə də, psixoloq dəstəyi mütləqdir.  Lakin məktəbdə psixoloqlar ya tapılmır, tapılsa da, çoxusu vəzifəsini icra edə bilmir.

 Mövzu ilə bağlı “Sherg.az” psixoloq Əfsanə Rüstəmovaya müraciət etdi.  O, bildirdi ki, məktəb psixoloqlarının inkişafı üçün əlavə büdcə verilmir:

“Heç bir qrant ayrılmır. Hansısa kursa getsinlər deyə dövlət onları maliyyələşdirmir. Universiteti bitirirlər, birbaşa məktəbə gəlirlər. Məktəb psixoloqları adətən belə deyirlər: "Bu gün uşaqlarım xəstədir. Tez evə getməliyəm", "Ərim əsəbi olduğundan axşam evdə qala bilmərəm", "Ayrıca uşaq götürə bilmirəm. Çünki məktəbdə 3 min şagird var" və.s. Onlar problem həll etməkdən çox, danışmağı seçirlər”.

Ə.Rüstəmova günahı təkcə məktəb psixoloqlarında görməməyi vurğulayıb:

“Təəssüf ki, məktəb psixoloqunun öz şəxsi büdcəsi özünü inkişaf etdirməyə yetmir. Həmçinin də iş yükü çoxdur. Məktəblərdə min, 2 min, 3 min və s. şagird var. Müxtəlif yaş qrupundadırlar. Cəmi 1 psixoloq var. O, həm yeniyetmənin, həm ibtidai sinifdə oxuyan azyaşlının, həm də keçid dövrünün psixologiyasını bilməlidir. Onun iş saatları böyük auditoriya ilə işləmək üçün uyğun gəlmir. Bu qədər uşaqla məktəbdəki 1 mütəxəssisin işləməsi effektiv deyil. Ona görə də,  hər yaş dövrü və sinif üçün psixoloq təyin olunmalıdır”.

 Psixoloq bu cür halların qarşısını almaq üçün hansı tədbirlərin görülməsini izah edib:

“Məktəb psixoloqları situasiyalar üzərində işləmək üçün yetişdirilməyib. Azyaşlılarla kontakta girib problemlərini həll etmək üçün taktikaları yoxdur. Amma biz onlardan çox şey tələb edirik. Halbuki, dövlət və ya birbaşa Təhsil Nazirliyinə maraqlı gəlməlidir ki, məktəb psixoloqları daha funksional olsun. Onların həkim, psixiatr və nevroloq yanında köməkçi kimi, hansısa mərkəzdə müşahidəçi kimi işləməyinə şərait yaradılmalıdır. Bununla müəyyən məqamlarda daha sərrast “atışlar” edə bilsinlər, net qərar verməyi, həll yönümlü düşünməyi bacarsınlar”.

 Cəmilə ƏZİM