Manaf Ağayev azadlığa buraxıldı - YENİLƏNİB


“Azadlığa çıxan müğənni Manaf Ağayevin səhhəti ilə bağlı heç bir problemi yoxdur”. 

Bu barədə Lent.az-a açıqlamasında ifaçının oğlu Müşfiq Ağayev deyib: 

“Səhərdən bir çox insanlar zəng edir. Hər kəsə cavab vermək olmur. Atam evdədir, səhhəti ilə bağlı heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Maraqlanan hər kəsə təşəkkür edirəm”.  

09:08

Müğənni Manaf Ağayevin həbs müddəti başa çatıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, o bu gün İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən azadlığa buraxılacaq. 

Qeyd edək ki, M.Ağayev və iş adamı Sənan Hüseynov işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevral ayının 18-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilmişdi.