Həm uşaq ölüb, həm də ana...

Rəşad Sultan:“Bir sözlə, ana hansı vəziyyətdə xəstəxanaya çatdırılıb bilmirik. Yaşın az olması və doğuşun evdə olması əsas faktorlardır”


Bakıda adı açıqlanmayan 15 yaşlı yeniyetmə ölü döl dünyaya gətirdikdən qısa müddət sonra özü də vəfat edib. Bununla bağlı istintaq işləri aparılır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev bildirib.

O qeyd edib ki, hadisə ilə yanaşı, yeniyetmənin xəstəxanada həkim səhlənkarlığı səbəbindən ölməsi faktı araşdırılır.

Qeyd edək ki, fevralın 4-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsinin 2006-cı il təvəllüdlü sakini və bətnindəki dölün ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
O, yaşadığı ünvanda ev şəraitində ölü döl doğduqdan sonra halı pisləşib və 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib. Yeniyetmə orada vəfat edib. 

Uşaq yaşda ana olmaq hələ də aktual mövzulardandır. Çox vaxt erkən nikah nəticəsində bu hal yaşanır. Çocuqlara təcavüz edilməsi hamiləliyə səbəb ola bilir. Xüsusilə, Şərq ölkələrində balacaların belə vəziyyətlərdə istismarı daha çoxdur. Valideynlərin laqeydliyi, cəmiyyətin səssizliyi, təhsilin və maarifləndirmənin inkişaf etməməsi uşaqların hamiləlik yaşamasına, hətta ölməsinə birbaşa dəlalətdir. Bunlar azmış kimi, həkim laqeydliyi də onların həyati təhlükəsini artırır.

Ananın ölü döl dünyaya gətirməsindən “Sherg.az”a danışan mama-ginekoloq Rəşad Sultan bildirib ki, hamiləlik boyu həkim müşahidəsinin olmaması, həm ananın, həm də uşağın ölümü ilə nəticələnə bilər:

“20 yaşın altındakı hamiləliklərdə  patalogiyalar və anormal gedişatlara daha çox rast gəlinir. Bu cür vəziyyəti "riskli hamiləlik" adlandırırıq. Gözlənilən hal desəm, uyğun olmaz. Yaşın az olması ilə birbaşa və ya dolayı yolla əlaqəlidir. Bu, aydın məsələdir”.

Ginekoloq izah edib ki, bu cür vəziyyəti həkimin laqeydliyi kimi dəyərləndirə bilmərik:  

“Həkim səhlənkarlığından danışmaq tezdir. Xəstəxana qeydiyyatının araşdırılmasından sonra yeniyetmənin ölüm səbəbini deyə bilərik. 

Uşaq evdə dünyaya gəldiyi üçün infeksiyaya yoluxma halı arta, qanaxma müşahidə oluna bilər. Qadınların birinci doğuşu zamanı çox vaxt yırtıq əmələ gəlir. Biz onu tikirik. 

Bir sözlə, ana hansı vəziyyətdə xəstəxanaya çatdırılıb bilmirik. Yaşın az olması və doğuşun evdə olması əsas faktorlardır”.