İrandan narkotik gətirən Biləsuvar sakini saxlanıldı - FOTO

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən verilən məlumata görə mart ayının 20-də saat 05:35 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində ölkə ərazisinə narkotik vasitə­lərin qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhd göstərən 1 nəfər saxlanılmışdır.

Onun Biləsuvar şəhər sakini 1979-cu il təvəllüdlü İsgəndərov Razi Əlipaşa oğlu olması müəyyən­ləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı içərisində təxmini çəkisi 13 kiloqram 680 qram narkotik vasitəyə (8 kiloqram 800 qram "marixuana", 2 kiloqram 840 qram "tiryək", 1 kiloqram "heroin", 1 kiloqram 40 qram "metamfetamin") bənzər maddələr aşkar oluna­raq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.