"Səssiz pandemiya" uşaqların qənimidir

12-17 yaş arası qızlarda intihara cəhd 50 faiz artıb

"2019-cu illə müqayisədə 2020-ci ildə psixoloji problemlərlə xəstəxanaya müraciət edilən uşaqların sayında 30 faiz artım müşahidə edilir"

   Tədqiqatlar dünyada 5.2 milyon uşağın koronavirus səbəbiylə valideynini itirdiyi reallığını ortaya qoyub. 2 ildir həyatımızdan heç cür çıxıb getməyən “Covid” üzündən ana-atasını itirən uşaqlar yoxsulluq və ruhi sarsıntıyla qarşı-qarşıyadır. ABŞ-ın Kaliforniya Los-Anceles Universitetinin uşaq reanimasiya şöbəsinin həkimi, professor Yonca Bulut “təəssüf ki, “Covid” səbəbindən yetim qalmış uşaqlar haqqında “Covid yetimi” ifadəsi ortaya çıxıb. “Şərq” “Habertürk.com”a istinadən xəbər verir ki, Yonca Bulut koronavirusun bütöv nəsilləri təsiri altına almasından danışıb: “Covid", xüsusilə Amerikadakı sosial yaraları daha artıq göz önünə gətirdi. Onsuz da sosial sistem düz-əməlli deyildi, "Covid" səbəbiyləsə tamam çökdü. ABŞ-da 200 mindən çox uşaq ən azı valideynlərindən birini  itirdi. Hər 4 yetişkin insanın ölümü bir uşağı yetim qoydu. Dünyada isə "Covid" yetimlərinin sayı 5.2 milyona çatıb. Bir çox ölkələrdə məlum testlərin aparılmadığı nəzərə alınarsa, rəqəmin daha böyük olduğunu söyləyə bilərik” deyən Y.Bulut əlavə edib ki, koronavirus bütöv bir nəslin həyatını alt-üst edib. Məktəblər bağlanıb, insanlar bir-biriylə ünsiyyətdən uzaqlaşıb, ailələr dağılıb. “Paralel pandemiya dediyimiz durum ortadadır. Ruhi sarsıntı keçirən, sosial problemlər yaşayan uşaqların sayı sürətlə artır. Xüsusilə də sosial-iqtisadi durumu aşağı səviyyədə olan uşaqlar çətinlik çəkir. Bu vəziyyət uşaqlar arasındakı ayrı-seçkiliyi daha da dərinləşdirir. Pandemiya dünya uşaqlarının vacib peyvəndlərdən kənar qalmasına da səbəb oldu. 2020-ci ildə 23 milyon uşaq vacib peyvəndlərdən kənar qalıb. Bu isə onların normal böyüməsinə, həmçinin, difteriya, uşaq iflici, qızılca kimi xəstəliklərdən mühafizə olunmalarına əngəl yaradır. Xəstə uşaqların tibbi müayinələrdən keçməsinin də qarşısı alındı. Bu səbəbdən uşaq xəstəlikləri də artır. Elə uşaqlar vardı ki, yalnız məktəbdə qidalana bilirdilər. Bu da aradan qalxdı. Aclıq və kasıblıq uşaqların psixologiyasına mənfi təsir etdi. Uşaqlar həm fiziki, həm də psixoloji gərginlik altında əzilir. 2019-cu illə müqayisədə 2020-ci ildə psixoloji problemlərlə xəstəxanaya müraciət edilən uşaqların sayında 30 faiz artım müşahidə edilir. Depressiya, intihara cəhd edən uşaqlarla bağlı təcili yardıma çağırışlar da artıb. Bu hal xüsusilə qız uşaqlarında hiss edilir. 12-17 yaş arası qız uşaqlarında intihara cəhd 50 faiz artıb. “Səssiz pandemiya” adlandırılan da məhz budur. Y.Bulut "Covid" üzündən valideynini itirmiş uşaqların mütləq psixoloji yardım və sosial dəstək almalı olduğunu da vurğulayıb.