Pomidor turşusundan iki uşaq zəhərləndi, biri öldü


Evdə hazırlanan turşular nəinki uşaqlar üçün, böyüklər üçün də ciddi təhlükədir

Qida zəhərlənməsi şübhəsi ilə Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 azyaşlıdan birinin həyatını xilas etmək mümkün olmayıb. Mərkəzin Mətbuat xidmətindən "Şərq"ə verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-yə gətirilib. Qeyd olunub ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə 12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il təvəllüdlü X.F 13:08-də vəfat edib: "Digəri 2013-cü il təvəllüdlü M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq qalmaqdadır. Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər".

Hadisə ilə bağlı “Şərq”ə danışan pediatr Vaqif Qarayev qeyd etdi ki, əgər zəhərlənmə ev şəraitində hazırlanan turşudan baş veribsə, bunun adı batulizmdir: 

- Evdə hazırlanan turşular nəinki uşaqlar üçün, böyüklər üçün də ciddi təhlükədir, əgər düzgün hazırlanmayıbsa.  Çünki müxtəlif tərəvəzlər ev şəraitində konservləşdirildiyi zaman texnologiyaya düzgün əməl edilmədiyindən zəhərlənmələrə səbəb olur. Bunun da elmi adı batulizmdir. Batulizmi oksigensiz şəraitdə artıb-çoxalan bakteriyalar yaradır. Toksinlər çox güclü olduğundan ölümlə də nəticələnə bilir. Azyaşlılar buna əlbəttə dözməz. Böyüklər, yaşlı insanlar arasında da konservləşdirilmiş məhsullardan ölüm halları olur. Baxır, toksinin miqdarına və nə zaman təcili tibbi yardım göstərildiyinə. Batulizm – zəhərlənmə əleyhinə vaxtında vaksin vurulduqda təhlükənin qarşısını almaq olur. Lakin vaksinin vurulması, tibbi müdaxilə gecikdirildiyində artıq qarşısını almaq mümkün olmur. 

Pediatr qeyd etdi ki, konservləşdirilmiş məhsulların əleyhinə deyil:

- Bu bizim məişətimizdə var. Yaxşı ənənədir. Evdar qadınlar xüsusən yayda qışa hazırlıq görür. Lakin şərtlərə düzgün əməl etsinlər. Qapağı qabarmış balonu açıb istifadə etməsinlər. Uzun müddət qalmış turşuları gətirib süfrəyə qoymasınlar. Hər bir ərzağın istifadə müddəti, yararlılıq vaxtı var. Bu məsələlərə diqqət edilməlidir. Evdə uşaq varsa, ikiqat diqqətli olmaq lazımdır. Uşaq orqanizminə zərər verəcək qidalardan uzaq dursunlar.  Böyüklər də, əgər mədələrində hansısa xəstəlik, narahatlıq varsa, turşuya qoyulmuş məhsullardan imtina etməlidirlər.    

Pediatr valideynlərə xəbərdarlıq etdi: 

- Zəhərlənmə təkcə konservləşdirilmiş qidalardan baş vermir. Çirklənmiş qidalar da uşaqlarda zəhərlənməyə, qarın ağrısına, ishala səbəb ola bilər. Dəfələrlə müşahidə etmişəm ki, ana küçədə övladının əlinə “perajki”, dönər... və sair verib, uşaq küçədə yeyə-yeyə gedir. Ya da avtobusda, metroda görürük ki, valideyn yanında uşağı gəldi əyləşdi, çantasından nəsə bir ərzaq çıxarıb verdi uşağa. 

Bu uşaq avtobusa, metroya çatanadək əlini necə-necə səthə sürtüb, əlində nə qədər toz zərrəcikləri, mikrob var. Bu halda ona yemək üçün nəsə vermək real təhlükədən başqa bir şey deyil. Versinlər, yedizdirsinlər övladlarını, amma yolüstü yox, hərəkət zamanı yox. Uşaq məktəbdən çıxıb, acıb. Başa düşürəm. Əvvəlcə uşağın əlini yumaq lazımdı, heç olmasa, nəm salfetlə silmək olar. 

Əyləşsinlər bir yerdə, skamyada, uşağın əllərini təmizləsinlər, sonra yemək versinlər. 3 ildir dünya bağırır ki, əllərinizi tez-tez yuyun, dezinfeksiyaedici məhlullardan istifadə edin, maska taxın, bizim camaat elə bil eşitmir. Xüsusilə analar bu məsələdə diqqətli olmalıdırlar.