Qadın həyatını itirdi 


“30 dəqiqəlik əməliyyatdır”, dedilər 

Türkiyənin Antalya şəhərində 30 yaşlı Gülşah Gizem Angı həyata faciəli şəkildə vida edib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Gülşah Amerikada otelçilik sahəsində təcrübə keçdikdən sonra Antalyadakı “5 ulduzlu” otellərdən birində icraçı direktor işləyirmiş. G.Angı mioma əməliyyatı üçün Ağ dəniz Universiteti Xəstəxanasına müraciət edib. Əməliyyat saat 13:00-da başlayıb, nə az, nə çox 5 saat çəkib.

Halbuki, həkimlər bu əməliyyat üçün “30 dəqiqəlikdir”, deyirmiş (xatırladaq ki, mioma qadınlarda uşaqlığın düz əzələ toxumasından əmələ gələn xoş xassəli şişdir. 

Adətən kiçik ölçülərdə olur. Miomanın xərçəngə çevrilmə riski çox aşağıdır. Miomaların əmələ gəlməsinə qadın hormonu estrogenlərin səbəb olduğu deyilir. Estrogen hormonu miomaların böyüməsini artırır. 

Bu səbəbdən miomalar qadında menopauzaya qədər və hamiləlik zamanı 2-3 dəfə ölçüləri artır). Əməliyyat zamanı Gülşahın durumu qəflətən ağırlaşıb və o, əməliyyat masasında keçinib. Ölümə səbəb əməliyyat zamanı beyinə qan sızması göstərilir. Gülşah Antalyanın Meydankavağı məhəlləsindəki məzarlıqda torpağa tapşırılıb. 

Ailəsi, dostları təbii ki, bu faciədən sarsılıb. Amma ailə prokurorluğa şikayət edərək, ölüm səbəbinin araşdırılmasını və günahkarların cəzalanmasını tələb edir.