Sünnət faciəsi... - 4 yaşlı uşaq qana boyandı 

Türkiyənin Kahramanmaraş bölgəsində dəhşətli hadisə yaşanıb. “Milliyet.com.tr”də yer alan məlumata görə, kahramanmaraşlı ailə 4 yaşlı oğulları üçün sünnət mərasimi keçirib. Evə ətrafda tanınan bir dəllək dəvət edilib. Lakin dəllək sünnəti səhv edib, uşaqda qanaxma başlayıb. 

Vəziyyətin ağırlaşdığını görən valideynləri körpəni əvvəlcə Kahramanmaraş xəstəxanasına aparıblar. Orada ilkin tibbi müdaxilədən sonra körpə Başakşəhər Şam Və Sakura Şəhər Xəstəxanasına göndərilib. Xəstəxanada körpənin damağ dərisindən bir hissə kəsilərək zərər görmüş orqanına tikilib. 

Əməliyyatı icra edən həkim-cərrah Süleyman Çələbi bildirib ki, sünnət cərrahi bir əməliyyatdır və bu əməliyyatı saxta həkimlərə həvalə etmək olmaz.

 Edilən hər hansı yanlış hərəkət uşaqların gələcək həyatını məhv edə bilər. Ailə isə dəllək barəsində məhkəmə iddiası qaldıraraq cəzalanmasını tələb edir.