17 ildir xəbər yoxdur

Gözəllik kraliçasının əsl qatili tapılmır

Naməlum hadisəyə görə iki nəfər həbsdə yatır

   Tara Grinstead ABŞ-ın Corciya ştatında “Irwin County” liseyində tarix müəllimi işləyib. Şagirdləri onu çox sevirdi. Bilikli, mehriban müəllim olmaqdan savayı, həm də gözəl, cazibədar idi. İllər əvvəl dostları ona gözəllik yarışmasına qatılmağı təklif etmişdilər, o da israr üzərinə müsabiqədə iştirak etmişdi. Və “Corciya gözəli” titulu qazanmışdı. Tara həm sevilən müəllim, həm də gözəllik kraliçası idi. 2005-ci ildə isə müəllimə anidən ortadan yox olub. Kimsə onun hara getdiyini, harada olduğunu bilməyib. 

Mənzilə gələn polis və istintaqçılar  nə qədər axtarış aparsalar da şübhələrə əsas verə biləcək bir dəlil tapmırlar. Taranın mobil telefonu elektrik naqilinə taxılı, avtomobili həyət qapısında, açarlar da üstündə idi. Polisin diqqətini çəkən yalnız bir əşya olub.

 “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, bu əşya yataq otağındakı gecə lampası olub. Lampa qırıq vəziyyətdə idi. Bu, otaqda hərəkətliliyin yaşandığına, kiməsə təcavüz edildiyinə, ya da zorla harasa aparıldığına işarə ola bilərdi. Bundan başqa heç bir dəlil tapmayan istintaqçılar tərəfindən istintaq işi bağlanıb. 

Yalnız 2017-ci ildə Ryan Duke adlı bir şəxsin etiraflarından sonra bu cinayət işi yenidən incələnməyə başlanılıb. Ryan Duke ifadəsində qeyd edirdi ki, Taranı o öldürüb: “Bir dostumun yardımıyla onu öldürdüm, cəsədi yandırıb kül etdim”. Polis də prokurorluq da çaşqın vəziyyətdə qalıblar. 12 ildir açılmayan cinayət 90 saniyəlik bir ifadəylə açılıb. Ryanın ifadəsi yalnız 90 saniyə çəkmişdi. 

Duke “aldığım nəfəs belə mənə haramdır” deyərək bu ağır cinayəti törətdiyi üçün özünü lənətləyirdi. Ryan ifadəsində bildirmişdi ki, narkotik maddə əldə etmək üçün pula ehtiyacı vardı və bu səbəbdən gözəllik kraliçasının mənzilinə daxil olaraq ondan pul tələb edib. Qadını qorxutmaq istəyib, lakin başına vurduğu zərbə ölümcül olub. Məhkəmə prosesi yenidən başlayıb.
 Amma gözlənilməz bir hal baş verib. Ryan Duke istintaqa verdiyi ifadədən məhkəmədə imtina edib. Əsl qatilin dostu Bo Dukes olduğunu, Taranın cəsədini birlikdə yaxınlıqdakı bağçaya gömdüklərini, dostunun onu cəzalandıracağından qorxduğu üçün də cinayəti öz üzərinə götürdüyünü deyib. İstintaqçılar nişan verilən bağçada qazıntı aparıb, tapılan sümüklər DNA analizinə verilib. Lakin sümük parçaları Taranın DNA göstəriciləri ilə uyğun gəlməyib. Dukes də istintaqa cəlb edilib, lakin cinayəti etiraf etməyib, yalnız cəsədin yandırılmasına kömək etdiyini deyib. Çaşqın vəziyyətdə qalan məhkəmə Dukesə cinayəti bilib gizlədiyi üçün 25 il həbs cəzası verib. Ryan Duke də 2017-ci ildən həbsxanada saxlanılıb və məhkəmənin qərarını gözləyib. Məhkəmə isə R.Duke ölüm işiylə bağlı bəraət verib, amma o da cinayəti bilib gizlədiyinə görə 10 il həbs cəzası alıb. 

Taranın ailəsi məhkəmənin qərarına etiraz edir. 17 ildir itkin sayılan, cəsədi belə tapılmayan Taranın qatilinin konkret kim olduğu bilinməsə də, ailəsi bu illər ərzində çəkdikləri əzaba qarşılıq hər iki cinayətkarın ən azı 17 il həbs cəzası almasını istəyir: “17 ildir gözümüz yoldadır. Bu boşluğu heç nəylə doldura bilməyəcəyik. Bizə təskinlik olsun deyə, onlar da heç olmasa, 17 il əzab çəkməlidirlər”.