Davada qopan qulağını qağayı apardı

"Peşman deyiləm, bir qadını ölümdən qurtardım"

Türkiyənin Böyükada bölgəsindəki limanda ağlagəlməz hadisə yaşanıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Danyal Tolgahan Seyrekin limanda rəfiqəsinə qarşı etdiyi zorakılığa həmin vaxt orada olan Eyüp Çelik mane olmağa çalışıb. Danyal rəfiqəsindən əl çəkib bu dəfə də Eyüpla dalaşmağa başlayıb. Tərəflər arasında yaşanan münaqişə zamanı Danyal Eyüpün qulağını dişləyərək qoparıb. Dişlədiyi parçanı bir kənara atıb, bu zamansa ətrafda uçan bir qağayı qulaq parçasını qapıb.  

Qulağının bir hissəsi qoparılan Eyüp Çelik xəstəxanalıq olub, qulağından xəsarət alması görmə qabiliyyətini də zəiflədib. Eyüp Çelik məhkəməyə müraciət edib. Hazırda işə məhkəmədə baxılır. Məhkəmədə ifadə verən Eyüp Çelik dava zamanı qarşı tərəfin onu dişləməyə cəhd etdiyini, başını çevirdikdə qulağını dişləyərək bir parça qopardığını deyib. “Rəfiqəsinə qarşı zorakılıq edirdi, dayana bilmədim, qızın köməyinə getdim. Başıma bunlar gəldi. 

Qulağımı qoparan şəxs qaçdı, amma polis tərəfindən yaxalandı. Peşman deyiləm. Qulağımda qalıcı xəsarət əmələ gəlsə də bir qadını xilas etmişəm” söyləyən Eyüp Çelik iki əməliyyat keçirdiyini, lakin qulağının əvvəlki formasını artıq ala bilməyəcəyini deyib: 

“Qulağımı bu vəziyyətdə görənlərin bəzisi, nə işin vardı, qoy öldürəydi” deyir, amma vicdanım yol vermədi. Qulağım “getdi”, amma bir nəfəri ölümdən qurtardım”. Qadın Hüquqlarını Müdafiə Dərnəyi Eyüp Çeliyə fədakarlığı üçün təşəkkür edib və məhkəmədə onun hüquqlarını qoruyacaqlarını bildirib.