Puma 9 yaşlı qıza hücum etdi

Uşaq başından, üzündən, bədənindən ağır yaralar alıb

Qorxunc hadisə ABŞ-ın Vaşinqton əyalətində, istirahət zonalarından birində yaşanıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, 9 yaşlı Lili A. Krjanivski ailəsiylə birlikdə Vaşinqton yaxınlığındakı Stevens bölgəsində yerləşən kilsə düşərgəsinə istirahətə gedib. Düşərgədə çadırlar qurub istirahət edən ailələrin uşaqları ətrafda  oynayırmış. Lili isə uşaqlarla gizlənqaç oynamağa başlayıb. Bir  qaya arxasında gizlənən qızcığaz dağ aslanı – pumanın qəfil hücumuna məruz qalıb. 

Uşağın səsi gələn tərəfə qaçan adamlar Lilini qanlar içində görüb. Qızın başı, üzü, bədəninin bir çox yeri ağır yara alıb. Lili təcili yaxınlıqdakı xəstəxanaya çatdırlıb. Həkimlərin vaxtında müdaxiləsi sayəsində Lilinin həyatı xilas edilib. 

Uşağın başına, üzünə, bədəninə çoxsaylı tikişlər vurulub. Həkimlər Lilinin həyatda qalmasını qısa zamanda xəstəxanaya çatdırılmasıyla izah edib. Vaxt itkisi olsaydı, bəlkə də Lili bu gün həyatda olmayacaqdı. Uşağa hücum edən puma isə öldürülüb.

 Vəhşi təbiət üzrə mütəxəssislər 9 yaşlı qıza hücum edən pumanın gənc erkək olduğunu, lakin quduz olmadığını müəyyən ediblər. Mütəxəssislər turistlərə məsləhət görür ki, vəhşi heyvanlarla qarşılaşdıqlarında qaçmasınlar, özlərini “ölülüyə” vurmasınlar, əksinə, heyvanlara güc nümayiş etdirsinlər. 

Bunun üçün yavaş-yavaş geri addımlayaraq yaxınlıqdakı yüksək bir qayanın, təpənin üzərinə çıxmaq, əlləri başının üstünə qaldırıb “böyük cüssəli” görkəm almaq, iddialı görünmək, ona tərəf daş və ya başqa bir şey atmaq, qışqırıb bağırmaq lazımdır. Vəhşi heyvanlar bu halda çəkilib gedirlər.