Qatil nənə… 

Nəvələriylə birlikdə 12 nəfəri öldürüb

   Nanni Doss adını tarixə qatil nənə, həm də “pıqqıldayaraq gülən”, “totuş qatil nənə” kimi yazdırıb. Totuş, güləyən nənənin qanlı hekayəsi 1905-ci ildən başlayır. Nanni  ABŞ-ın Alabama ştatında Jim və Luisa Hazellərin ailəsində dünyaya gəlib. Ailədə 5 uşaq olublar. Nanni uşaqlıqdan atasının təzyiqləri altında olub, məktəbə getmək əvəzinə onu evdə, həyətdə, ailə təsərrüfatında işlədiblər. 7 yaşında ailəsiylə birlikdə qatarla səyahət zamanı qəza keçirib və başından zərbə alıb. 

Məhz bu zərbə onun həyatını bir daha dəyişilməyəcək şəkildə dəyişib. O gündən sonra qızda davamlı baş ağrıları başlayıb. Depressiyaya düşüb, qaradinməz olub. Boş vaxtlarını anasının oxuduğu  romantik jurnalları vərəqləməklə keçirib, ailə həyatı qurmaq xəyalları ilə yaşayıb. 16 yaşında evlənib. Həyat yoldaşı Çarlinin anasına bağlı olması isə Nanninin uşaqlıq travmasını təzələyib və buna görə aralarında anlaşılmazlıq yaranıb, evdə söz-söhbət düşüb. Buna rəğmən Nanni və Çarlinin 4 övladı dünyaya gəlib. Uşaqlara qulluq etmək, ev işləri Nanninin əsəblərini yenə gərib. 4 övladından 2-sinin anidən, heç bir əsaslı səbəb olmadan vəfat etməsi Çarlidə Nanni barədə şübhələrə səbəb olub. 

Çarli övladlarının ölümündə Nannini günahkar bilib, nəticədə onlar ayrılıblar. 1 il sonra Nanni Franklin Harrelsonla ailə qurub.  Franklini əyyaş, söyüşcül, zorakı olsa da, Nanni 16 il onunla birlikdə yaşayıb. Bu illər ərzində Nanninin böyük qızı Melvinanın 2 övladı vəfat edib. Nəvələrinə Nanni baxırmış.  Məlum olub ki, bu “gülümsər nənə” birinci nəvəsini saçlara vurulan sancağı uşağın başına batıraraq öldürüb. İkinci nəvəsi isə müəmmalı şəkildə boğularaq ölmüşdü.  Növbəti qurban isə həyat yoldaşı Franklin olub. Nanni həyat yoldaşını zəhərləyərək öldürüb. Sonra isə Franklinin həyat  sığrotasından əldə etdiyi pulla torpaq sahəsi və ev alıb. 

Nanninin üçüncü evliliyi də qətllə sonuclanlıb. Arlie Lanning adlı şəxslə evlənən Nanni bu ərinin də yeməyinə zəhər qataraq onu öldürüb. Nanninin qayınanası da müəmmalı şəkildə vəfat edib. Sonra Nanninin öz anası, doğma bacısı da əsaslı bir səbəb olmadan vəfat edib. Nanninin sonuncu qurbanı Samuel Dross olub. Qadın onu da zəhərləyibmiş. Lakin zəhərli qəhvə nəhayət Nanninin ifşasına səbəb olub. Polis qəhvə fincanını incələdikdə qadının cinayəti üzə çıxıb.

  İstintaqda isə Nanni yalnız həyat yoldaşlarını qətlə yetirdiyini etiraf edib. Etirafları zamanı Nanni hər dəfə pıqqıldayaraq gülürmüş. Buna görə də ona “pıqqıldayan qatil nənə” adı verildi. Ömürlük azadlıqdan məhrum edilən Nanni 1965-ci ildə 59 yaşında, qan xərçəngindən ölüb.