Zəli oğruları...

Gölü tarı-mar edirlər

     Türkiyənin Sivas bölgəsində Zəlili göl kimi məşhurlaşmış təbii su qaynağı son zamanlar oğruların məskəninə çevrilib. “Milliyet.com”un xəbərinə görə, oğrular göldəki zəliləri toplayıb satırlar. Yerli əhali bundan narahatdır və yerli hökumətdən tədbir görülməsini tələb edir. Zəlili gölün yerləşdiyi Tuzlaköy sakinləri bu gedişlə göldə bir dənə də zəli qalmayacağını deyir. Zəlili göl təkcə zəliləriylə məşhur deyil, eyni zamanda gözəlliyi ilə də cəlbedicidir. Bura həm turistlər çox gəlir, həm də müalicə olunmağa çalışanlar.

Xalq təbabətində zəli bir çox xəstəliklərin dərmanı hesab edilir. Qan təzyiqi, iltihabi xəstəliklər, revmatizm, oynaq ağrıları, sədəf, qaşıntı, ekzema kimi dəri xəstəliklərinin müalicəsində zəlilərdən istifadə edilir. Artıq müasir tibb elmi də zəlilərin şəfaverici olduğunu təsdiq edir və klinikaların bir çoxu pasiyentlərə zəli ilə müalicə təklif edirlər. Bunu bilən oğrular da göldəki zəliləri toplayır, ətrafdakı tibb mərkəzlərinə, müalicə işiylə məşğul olan fərdi şəxslərə satırlar. Kənd sakinlərini narahat edən də budur ki, insanlar gölə müalicə məqsədilə gəlir, ancaq bu gedişlə göldə zəli tapılmayacaq. Oğrular zəlilərin az qala nəslini kəsərək təbii artıma mane olurlar. Göldən zəliləri toplayıb bazarda 20-30 lirəyə satırlar. Kənd sakinləri Zəlili gölün dövlət mühafizəsinə alınmasını, təcili tədbir görülməsini istəyir. Kənd sakinləri gölə yalnız müalicə məqsədilə gələnlərə icazə verilməsini, ticarət üçün zəli toplayanların göl ətrafına buraxılmamasını tələb edir.