Türkiyəni göz yaşlarına boğdu

Azərbaycanda da çox sevilən ulduz aktyor həyatla vidalaşdı

  Türk kinosunun parlayan ulduzu, cazibəli görünüşüylə könülləri, canlandırdığı obrazlarla film dünyasını fəth edən Cüneyt Arkın həyata əlvida dedi. Cüneyt Arkın Azərbaycanda da sevilirdi. Türk sinemasının böyük bir dövrünə möhür vurmuş aktyorun çəkildiyi filmlər Azərbaycanda da çox yayımlanıb, tamaşaçı sevgisi qazanıb. Ulduz aktyorun səhhətində problemlər olduğu bəlli idi. Bir neçə dəfə xəstəxanada müalicə olunmuşdu. Dünənsə Cüneyt Arkının ruhu Haqqın dərgahına qovuşdu. Aktyorun ölümü Türkiyəni göz yaşlarına boğdu. Ölkəmizdə də dünən sosial şəbəkələr Cüneyt Arkının rəsmləri ilə doldu. Onun haqqında “uşaqlığımızın qəhrəmanı”, 

“Türk dünyasının Alen Delonu” yazanlar da çox oldu. Cüneyt Arkının həyatı və kino aləminə gəlişi barədə “Milliyet.com.tr”də yer alan məlumatı oxucularımızın diqqətinə çatdırırıq. “Yeşilcam”ın unudulmaz aktyoru Cüneyt Arkın - əsl ad və soyadı Fahrettin Cüreklibatır 8 sentyabr 1937-ci ildə Eskişəhərdə dünyaya gəlib. Atası Hacı Yaqub Cüreklibatır Qurtuluş savaşının əsgəri olub. Cüneyt Arkın Eskişəhərdə məktəbə gedib, 1961-ci ildə İstanbul Tibb Fakültəsini bitirib. Eskişəhərdə hərbi xidmətdə ikən o zaman “Şəfəq gözətçiləri” filminin rejissoru Halit Rəfiqin diqqətini çəkib. Hərbi xidmətini bitirdikdən sonra bir müddət Adanada həkim işləyib. 1963-cü ildə Halit Rəfiq onu kino çəkilişlərinə  dəvət edib. 2 il ərzində 30 filmdə çəkilib. İstanbula qastrola gələn “Medrano” sirkində akrobatlığın sirlərinə yiyələnib. Bu, aktyora aksion filmlərində dublyorsuz oynamağa imkan verib. Sonrakı filmlərdə canlandırdığı Battal qazi, Malkoç oğlu, Qara Murad xarakterləri ilə türk insanının rəğbətini qazanıb, adını türk kino tarixinə “qızıl hərflərlə” yazdırıb.  “Xain Bizansa qarşı döyüşən” türk oğlu xarakterlərindən savayı romantik aşiq, əzabkeş ata obrazlarıyla da tamaşaçıların sevimlisinə çevrilib. 1964-cü ildə həkim xanım Gülən Mocan ilə evlənib, qız övladları dünyaya gəlib. 1968-də aktyor ikinci dəfə Betül Işıl ilə ailə həyatı qurub. Bu evlilikdən Kaan və Murat adlı oğulları var. Yaşlı vaxtlarında Cüneyt Arkın kinodan uzaq düşsə də, bir neçə filmdə - “Dünyanı qurtaran adam” və son ekran işi “Quruluş Osman”da çəkildi. Cüneyt Arkının son sosial media paylaşımı isə 19 iyun – Atalar günündə oğullarına yazdığı mesaj olub. Ulduz aktyorun ölümünə təəssüflənən Türkiyə sənətçiləri sosial mediada kədərli paylaşımlar edərək Cüneyt Arkın barədə “dünya “ulduzu” ola bilərdi”, “türk kinosu bir usta oyunçunu, nəhəng çinarını itirdi”, kimi mesajlar yazıb. Türk kinosunun başqa bir “ulduzu” Türkan Şoray isə “Canım Cüneyt... Bundan sonra, yoxluğunu bilmək, düşünmək elə bir açıdır ki… Səni sonsuza qədər qəlbimdə yaşadacağam. Sinema və bütün sinema sevərlərdə yerin heç vaxt dolmayacaq”, yazıb.