Mina partlayışında ayağını itirdi 

33 yaşlı cəsur komandir yenə cəbhəyə dönməyi arzulayır

  “Ayağım sallanırdı. Qan içindəydim. Özümü itirmədim. Çünki buna hazır idim. Bilirdim, bu, müharibədir. Hər şey gözlənilir”. Bu sözləri “Daily Mail”ə müsahibəsində hazırda xəstəxanada müalicə alan Ukrayna ordusunun qadın zabiti, onbaşı Yuliya Rımarenko deyib. Yuliyanın 1 övladı var. 33 yaşlı cəsur ana müharibə şəraitində yaşananları anladıb.  Yuliya ağır döyüşlər getdiyi Xarkov bölgəsində yaralanıb. Tank əleyhinə minanın partlaması nəticəsində ayağından ağır xəsarət alıb. İçərisində olduğu avtomobil minanın üzərindən keçərkən partlayıb. 

Yuliyanın ayaqları bir neçə yerdən qırılıb. Həyata qalması inanılmazdır. Ayağından yara alsa da, onları itirməyib. Bu da Yuliyanın şansıdır. Sağalması 4-6 ay çəkə bilər. 

Əvvəlcə Lvov şəhərində reabilitasiya kursu keçməlidir. Nə qədər ki, müalicə altındadır, 6 yaşlı qızı Kira nənələrinin yanında – Dneprdə qalacaq. Yuliya deyir ki, qısa zamanda sağalmaq və ailəsinin, qızının görüşünə getmək istəyir. Sonra isə yenidən cəbhəyə, döyüşlərə qatılacaq. 

Ukrayna ordusunun Yuliya kimi cəsur zabitlərə ehtiyacı var. Ukrayna ordusunun hər gün təxminən 500 əsgəri yaralanır, 100 əsgər həlak olur. Yuliya da Qərbin daha da aktivləşməsini, müharibənin tezliklə Ukraynanın xeyrinə yekunlaşmasını istəyir.  “Ruslar bizi sadəcə, “yem” olaraq görür. Canlı qüvvələri bizdən qat-qat artıqdır. 

Amma, nə olsun, insanlıqları yoxdur. İnsana dəyər vermirlər. Ukraynalılar belə deyil. Hər şeydən əvvəl, biz öz Vətənimizdə, Vətənimiz üçün savaşırıq. Kiminsə torpağını işğal etməmişik” söyləyən Yuliya “heç nəyin əvvəlki kimi olmayacağını bilirəm. Amma yaralarım sağaldıqda yenə cəbhəyə qayıdacağam. Ümid edirəm, ovaxtadək qələbə çalmış olarıq” deyib.