Ölkə ərazisində yanğın təhlükəsi var 

FHN bununla bağlı əhaliyə müraciət edib

Adəm Məmmədov: "İstirahət məkanlarına, təbiət qoynuna gedənlər də təhlükəsizliyin təminatında məsuliyyət daşıyırlar"

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. Nazirliyin məlumatında fərdi təsərrüfat sahiblərinə, fermerlərə xüsusi müraciət edildiyi diqqətdən yayınmır. Müraciətdə bildirilir ki, yay mövsümü kənd təsərrüfatı sahəsində fəaliyyətin daha da aktivləşməsi və insanların təbiət qoynunda istirahətə marağının artması ilə müşayiət olunur. Lakin nəzərə alsaq ki, havanın hərarətinin yüksəlməsi yanğınların baş verməsi və sürətlə yayılması təhlükəsini artırır, daha diqqətli davranmaq tələb olunur. Bir sıra hallarda insanların ehtiyatsız və ya məsuliyyətsiz davranışı, o cümlədən biçilmiş taxıl sahələrinin bilərəkdən yandırılması, təsərrüfat fəaliyyəti və ya istirahət zamanı müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməməsi yanğınların baş verməsinə, nəticədə dövlət və ya xüsusi əmlaka, milli sərvətlərimizə, o cümlədən meşə və qoruqlarımıza ziyan dəyməsinə, habelə insanların həyat və sağlamlığının təhlükə ilə üzləşməsinə səbəb olur. Ölkə ərazisində son sutka ərzində ümumilikdə 109 yanğına çıxış hadisəsi qeydə alınıb, bunun da 47-si Şimal-qərb və Şimal regionunun payına düşüb. Təxminən 500 hektara yaxın ərazini əhatə edən bu yanğınlar arasında biçilmiş taxıl, quru ot, kol-kos sahələri və meşə massivləri üstünlük təşkil edir. 

Məsələn, Şabran rayonunun Xəlfələr kəndi ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğının havanın isti və küləkli olması səbəbindən qısa zamanda genişlənərək bir neçə fərdi ev və yardımçı tikiliyə zərər vurması da təhlükənin miqyasından xəbər verir. Fövqəladə Hallar Nazirliyi əhaliyə, xüsusilə də sahibkarlara və fərdi təsərrüfat sahiblərinə müraciət edərək, yanğın təhlükəsizliyi tələblərinə ciddi əməl edilməsinin, aidiyyəti dövlət qurumlarından yanğın təhlükəsizliyi ilə bağlı nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini bir daha diqqətə çatdırıb.

Hüquqşünas Adəm Məmmədov “Şərq”ə açıqlamasında qəsdən yanğın törədilməsinin cinayət məsuliyyəti daşıdığını bildirdi: 

- Yanğın təhlükəsizliyi qaydalarının pozulmasından tutmuş, qəsdən yanğın törədilməsinə qədər hər bir hadisə müəyyən cinayət məsuliyyəti yaradır. Bu məsələ istintaq orqanları tərəfindən araşdırılır, hadisənin qəsdən və ya hər hansı təhrik olmadan baş verməsi müəyyən edilir.

 Əgər yanğın nəticəsində dəymiş ziyanın məbləği 5000 manatadək müəyyənləşirsə, bu, cinayət məsuliyyəti yaratmır. Bu halda inzibati cəzalar mümkündür. Amma dəymiş ziyanın məbləği 5000-50 min manata qədərdirsə, bu, yüngül, orta zərər hesab edilir. 50 mindən 500 minə qədər və 500 mindən artıqdırsa, bu, yüksək məbləğ hesab edilir və məhkəmə tərəfindən iş araşdırılmaqla cinayət məsuliyyətinə cəlbetmə qərarı verilir. Bu zaman azadlıqdan məhrumetmə cəzası da ola bilər, dəymiş ziyanın ödənilməsi də. Baxır, yanğın nəticəsində dəymiş ziyanın miqyasına. Bütün hallarda hər bir sahibkar, təsərrüfat sahibi torpağa ehtiyatla və ehtiramla yanaşmalıdır. Əkin sahələrini bilərəkdən yandırmaq olmaz. Məlum məsələdir ki, belə halda torpağa ziyan dəyir, bəzən torpaq növbəti əkin üçün yararsız hala düşür. İstirahət məkanlarına, təbiət qoynuna gedənlər də təhlükəsizliyin təminatında məsuliyyət daşıyırlar. Təbiət bizimdirsə, onun qədrini bilməliyik və ona ziyan vurmamalıyıq. Çünki insan təbiətə vurduğu ziyanın əvəzini dəfələrlə ağır ödəməli olur.