Naşı sürücülər qazanc peşində, ailələr məhv olur


"Qaçaq" avtobuslarla səfərə çıxmağın hər saatı, hər dəqiqəsi ölümə bərabərdir

  Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb. Avtobusun qəzaya uğraması nəticəsində 8 nəfər həyatını itirib, 10 nəfər yaralanıb. Xəsarət alanlar Lənkəran rayonunun Boladi kənd sakinləridir. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanaya çatdırılıb. Vəfat edənlərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lerik rayon şöbəsinə təhvil verilib. 

Verilən xəbərə görə, hadisə Lənkəran rayonunun Boladi kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən baş verib. DİN Lənkəran Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-nın sorğusuna cavab olaraq bildirib ki, ilkin ehtimala görə, idarəetmənin itirilməsi səbəbindən içərisində Lənkəran sakinləri olan 10-SX-784 dövlət nömrə nişanlı mikroavtobus yolun kənarındakı beton maneələrə çırpılıb. Faktla bağlı araşdırma aparılır. Hadisə Lerik-Lənkəran yolunun 45-ci kilometrliyində, Lerik rayonunun Günəşli kəndində olub.

  Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli “Şərq”ə açıqlamasında qeyd etdi ki, son zamanlar ölkədaxili turlar, zəyarətgahlara səfərlərin təşkili intensivləşib. Lakin bu məsələ qanunvericilik əsasında aparılmalıdır: 

- Təəssüf ki, bəzi sürücülər istifadə etdikləri mini-avtobuslardan ölkədaxili turist səfərləri, eləcə də ziyarətgahlara qanunsuz səfərlər təşkil edir. Onların bu səfərlərə icazələrinin, lisenziyalarının olub-olmaması da məlum deyil. Məlum məsələdir ki, rəsmi turlar bahadır, vətəndaşların buna maddi imkanı çatmadığından “qaçaq” avtobuslarla səfərə çıxmağa üstünlük verirlər. Belə avtobus sürücülərinin sərnişindaşıma üzrə kateqoriyalarının olması da sual altındadır. Sərnişindaşıma xüsusi fəaliyyətdir və bunun üçün sürücünün uyğun kateqoriyası olmalı, sürücülük vəsiqəsində bu qeyd edilməlidir. 

Turlar yaxşıdır, zəyarətgahlara səfərlər də yaxşıdır, lakin səfərə çıxanlar onları kimin apardığını, sürücünün kfalifikasiyasını bilməlidir. Çox zaman bu cür səfərlər günlük olur, səhər tezdən yola çıxıb gecə vaxtı geri qayıdırlar. Bu halda sürücü də yorulur, mənzil başına tez çatmaq üçün tələsir, sürəti artırır, nəticədə bu cür ağır qəzalar baş verir. Ümumiyyətlə, Lerik-Yardımlı yolları çətin keçiləndir. Yol şəraiti ağırdır, relyef çətindir. 

Yolun ümumi sxemi qəza ehtimalını artırır. Sərt döngələr, yoxuşlar var, yollar, keçidlər dardır. Ümumilikdə təhlükəli yollardır. Belə yollarda hərəkət edən sürücü xüsusilə diqqətli, səbirli olmalı, təmkinini pozmamalıdır, tələsməməlidir. Avtomobili ehtiyatla idarə etməlidir. Avtomobilin texniki vəziyyəti də önəmlidir. Uzun səfərə çıxan avtomobilin texniki vəziyyəti ciddi yoxlanmalıdır. Yollarda baş verən qəzalarda adətən ilkin səbəblər sürücünün ehtiyatsızlığı, təcrübəsizliyi və yüksək sürət olur. Sürəti yüksəldən sürücü döngələrdə, aşırımlarda avtomobili tənzimləyə bilmir, nəticədə qəza vəziyyəti yaranır. 

  İ.Hüseynli qeyd etdi ki, baş vermiş qəzaya görə daşıyıcı şirkət də məsuliyyət daşıyır. Hadisənin başvermə səbəbləri aidiyyəti orqan tərəfindən tədqiq ediləcək, günahkarlar qanunun tələblərinə uyğun cəzalanacaqlar.