Həkim əməliyyatı unutdu

Uşaq 5 saat əməliyyat masasında qaldı

  Badamcıqlarının əməliyyatla alınmasına qərar verilən 3 yaş yarımlıq uşağın başına gələnlər insanı heyrətə salır.  “NTV.com.tr”nin xəbərinə görə, Yalova əyalətində badamcıqlar, adenoid (boğazın arxa divarındakı ət), qulaqlara eşitməni asanlaşdırmaq üçün boru taxılması əməliyyatına girən 3 yaş yarımlıq Cahangirin 10 gün sonra səhhətində problemlər yaranıb. Atası uşağı xəstəxanaya təkrar gətirdiyində məlum olub ki, badamcıqlar yerindədir, əməliyyat zamanı götürülməyib. Halbuki əməliyyat 5 saat çəkib. 

5 saatlıq əməliyyat zamanı həkim bəs nə işlə məşğul olub? Uşağın atası Neyfəl Tosun həkimdən şikayətçi olub. Həkim isə iddiaları rədd edərək badamcıqlar iltihablı olduğundan əməliyyat etmədiyini bildirib. N.Tosun bildirib ki, ailənin 3-cü övladı olan Əbdülhəmid Cahangir yaş yarımlıq olanda badamcıqlarında iltihab aşkarlanıb. Körpəyə müalicə təyin edilib, lakin il yarım sürən müalicənin də bir nəticəsi olmayıb. Uşağın boğazında əmələ gəlmiş adenoid böyüyüb, qulağında infeksiya əmələ gəlib, eşitmə problemi yaranıb, rahat nəfəs ala, udquna bilməyib. Uşağın burun-boğazındakı problemlərin əməliyyatla aradan qaldırılmasına razılıq verən valideynləri onu özəl klinikaya aparıb. Həkim körpəni müayinə edərkən “təcili əməliyyat olunmalıdır” deyib. Əməliyyat 5 saat çəkib. 10 gün sonra halı pisləşən körpəni xəstəxanaya gətiriblər. 

Müayinə edən həkim “badamcıqlar iltihablaşıb” dedikdə, N.Tosun “necə? Uşaq 10 gün əvvəl əməliyyat edilib”, söyləyib. Həkim isə “xeyr, badamcıqlar götürülməyib” dedikdə məsələ aydınlaşıb. 

Ata körpəni “əməliyyat edən” həkimə aparıb. Həkim körpəni müayinə etdikdə “yanlışımız olub, badamcıqları götürməmişik” deyib. Həkimin etirafından dəhşətə gələn ata məhkəməyə müraciət edib. Lakin həkim bu dəfə unutqanlığını rədd edərək “badamcıqlarda iltihab vardı deyə əməliyyat etmədik, çünki bu, qanaxma təhlükəsi yarada bilərdi” açıqlamasını verib. Lakin əməliyyat sonrası tərtib edilmiş epikrizdə “badamcıqların alınması”  da qeyd edilib. Körpənin valideynləri bunu əsas tutaraq xəstəxana və həkim barəsində cinayət işi açılmasını tələb edirlər.