Qızlarımızı təhsildən uzaqlaşdıran səbəblər... 

"Bir müddət əvvəl saytların birində "ev qızı alıb, universitetdə oxuyan qızlarla gəzirlər" başlıqlı açıqlama yerləşdirildi. Yaxud da daha əvvəl müəllimin şagirdinə qarşı seksual hərəkətlər etdiyinə dair xəbərlərə rast gəlmişik. Həmin hadisələrin həqiqətən də, olub-olmadığını bilmirik, amma xəbərlərdə başlıqlara çıxarırlar".

Bunu "Sherg.az"a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova son illər ali məktəblərə sənəd verən qızların sayının azalması iddialarından danışarkən deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə cəmiyyətin qız və qadınlara qarşı münasibətində aqressiya, təqib, məhdudiyyət, onlar haqqında xoşagəlməz fikirlərin yayılması ailələrə təsir göstərir:
"Nəticədə uşaqların təhsildən yayınma hallarına rast gəlirik. Bütün valideynlər qızlarının oxumasını istəyirlər. Qadınlar haqqında xoş olmayan fikirlər, onların hər dəqiqə qaralanmaq və ləkələnmək təhlükəsi ana-ataların qeyri-adekvat hərəkət etməsinə gətirib, çıxarır. Hansısa valideynin qızını təhsildən uzaqlaşdırmaq üçün xərc çəkmək istəmədiyini düşünmürəm. Hətta övladı oxusun deyə evini, əşyalarını satan ailələr də çoxdur".

Qeyd edək ki, “Abituriyent” jurnalının 12-ci nömrəsində verilən məlumata görə, ötən il Azərbaycan və rus bölməsi üzrə qəbul imtahanlarında iştirak edən qız abituriyentlərin nəticələri oğlanlara nisbətən daha yüksək olub. Azərbaycan bölməsi üzrə I-IV qruplara imtahan verən oğlan abituriyentlərin 21,55 %-i 0-100, 28,25 %-i 100-220, 21,35 %-i 200-300, 20,56 %-i 300-500, 8,28 %-i isə 500-700 bal toplayıb. Qız abituriyentlərdə isə bu göstərici 11,73 %-i 0-100, 25,45 %-i 100-200, 21,83 %-i 200-300, 29,80 %-i 300-500, 11,19 %-i isə 500-700 bal olub. Ekspertlər iddia edir ki, son illər ali məktəblərə sənəd verən qızların sayında azalma müşahidə edilir.