Zaqatalada şəlaləyə gedərkən itkin düşən 2 nəfərin yeri müəyyən olunub - YENİLƏNİB-3


Zaqatala rayonunun Qəbizdərə kəndi yaxınlığında dağlıq ərazidə yolu azaraq itkin düşən yerli turistlərin yeri müəyyən edilib və hazırda onların çətin keçidli meşə massivindən təxliyəsi həyata keçirilir.

APA xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

***

18.11

Zaqatalada şəlaləyə gedərkən dağlıq-meşəlik ərazidə itkin düşən şəxslərin kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, onlar Bakı şəhər sakinləri Əli Aydın oğlu Əlizadə və Əbdül Rzayevdir.

Yüksək dağlıq və relyefi çətin ərazidə onların yeri müəyyən olunub, təxliyə edilmələri istiqamətində tədbirlər keçirilir.

***

17.21

Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq- meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib. Qeyd olunub ki, hazırda onların təxliyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

***

08.27

Zaqatalada şəlaləyə gedən Bakı şəhər sakinləri itkin düşüb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumat verib.

Bildirib ki, dünən saat 14 radələrində 2 nəfər paytaxt sakininin Zaqatala rayonunun Qəbizdərə kəndi ərazisində yerləşən şəlaləyə getmələri və meşəlik ərazidə yolu azmaları barədə polisə məlumat daxil olub. Rayon Polis Şöbəsinin, FHN-in, ETSN-nin və ərazini tanıyan yerli sakinlərin də iştirakı ilə onların axtarışları davam etdirilir.

***

Saat 08:16

Zaqatalada iki yerli turist dağlarda itkin düşüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün iki nəfər şəxsiyyətləri hələki məlum olmayan yerli turist Zaqatala rayonu Qəbizdərə istiqamətindən Zaqatala şələləsinə gedən zaman dağlıq-meşəlik ərazidə itkin düşüblər.

Turistlərin itkin düşməsi barədə Fövqaladə Hallar Nazirliyinin (FHN) 112 qaynar xətt xidmətinə və DİN-nin Zaqatala rayon Polis Şöbəsinə məlumat verilib.

Hazırda həmin şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri aparılır.