Binəli Yıldırımın bənzəri 68 yaşında universitetə qəbul olub

68 yaşlı Zəkəriyya Öztekin Bartin Universitetinə qəbul olunub

  Türkiyənin sabiq baş naziri Binəli Yıldırıma bənzərliyi ilə məşhurlaşmış 68 yaşlı Zəkəriyya Öztekin Bartin Universitetinin Sənət Tarixi Bölümünə qəbul olunub. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Z.Öztekin İzmirdə mətbəədə çalışır. O, Türkiyənin sabiq baş naziri Binəli Yıldırıma bənzərliyi ilə bundan əvvəl də bir neçə dəfə gündəmə gəlib. Z.Öztekinlə bağlı budəfəki gündəm mövzusu isə onun universitetə qəbul olunmasıdır. B.Yıldırımın oxşarı ali məktəblərə qəbul imtahanlarına qatılıb və yaxşı nəticə göstərərək universitetə qəbul olunub. “Xoşbəxtəm, sevinc içindəyəm. Övladlarım da mənə dəstək oldular. Onlar olmasaydı bu qədər yaxşı nəticə göstərə bilməzdim”, söyləyən Z.Öztekin kasıb ailənin övladı olduğunu deyib. Ailələri çox kasıb imiş, bu səbəbdən də zamanında təhsil ala bilməyib. “Atamın bizi oxutmaq imkanı yox idi. Peşə sahibi olmağa çalışdıq. O zamanlar peşə sahibi olmaq, biləkdə bilərzik anlamında idi. Peşən varsa, çörəyin də var, deyərdilər. Biz də hərəmiz bir peşəyə yiyələndik, çörək ardınca getdik. Mən də mətbəəçi oldum. Amma oxumaq arzusu heç vaxt məni tərk etmədi. İki övladım var, onları evləndirdim. Bu yaşımda oxumaq istəyi yenə vardı. Məktəbə yazıldım. Bir il ərzində orta təhsili bitirdim. Ardınca liseyə yazıldım. 3 il yarıma da liseyi bitirdim. Özümə dedim ki, niyə ali məktəbə qəbul olunmayım? Universitet imtahanlarına hazırlaşmağa başladım. Səhərlər işlədim, gecələr səhərədək dərs oxudum. Ötən il imtahanlara getdim, amma yaxşı nəticə olmadı. Amma ruhdan düşmədim, yenə hazırlaşdım. Bu il yenə imtahanlara baş vurdum. Və Bartin Universitetini qazandım. Ətrafdakılar “bundan sonra oxumaq nəyinə lazımdı, nə edəcəksən?" - deyir. "Mənsə deyirəm ki, oxumağın yaşı yoxdur. Çox gözəl təbriklər də alıram”, söyləyən Z.Öztekin “yoluma davam edəcəyəm”, - deyib.