7 saatlıq ov, rekorda düşdü - FOTOLAR

“Biz onu qanuni yolla öldürdük”

Dostları ilə birlikdə timsah ovlamaq üçün Missisipi çayına gedən amerikalı ovçu Uill Tomas dünya mətbuatında hadisə yaradan görüntünü lentə alıb.

Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, ərazi baxımından ABŞ-ın ən böyük ştatlarından biri olan və cəmi 3 milyon insanın yaşadığı Missisipidə tarixi bir hadisə baş verib. Təcrübəli ovçu Uill Tomas və dostları Missisipi çayında sübh açılmazdan əvvəl bir timsah tutublar. Gecənin qaranlığında nə tutduqlarını az-çox təxmin edən ovçu dəstəsi 7 saatlıq ovdan sonra məəttəl qalıblar.

Sahilə güclə çıxarılan nəhəng timsahın ölçüsünü görən Tomas və həmkarları heyvanın çəkisinin 800 kiloqram və uzunluğunun 5 metr olduğunu müəyyən ediblər. Missisipi Vəhşi Təbiət, Balıqçılıq və Parklar Departamentinə (WFP) görə, bu heyvan indiyə qədər tutulan ən uzun timsah kimi dövlət rekorduna düşüb.


Əsas peşəsinin hüquqşünas olduğunu bildirən Tomas “Washington Post” qəzetinə deyib: “Torda  800 kiloluq bir heyvan olanda və o heyvan canavar kimi görünəndə ürəyiniz qan deyil, adrenalin vurur. Onu tutduq və qanuna uyğun olaraq ov tüfəngi ilə öldürdük.
Timsahın ölçüsü təsir edici idi, lakin biz onun bu qədər xüsusi olduğunu düşünmədik. Sonralar onun boyunu ölçəndə nəyə nail olduğumuzu anladıq”. 


Yerli vaxtla səhər saat 03.30 radələrində timsahı tutaraq qayığa mindirə bildiklərini deyən Tomas, kiçik qayığın ağırlıqdan az qala batacağını və suya girdiyini qeyd edib. Ov mövsümü ilə əlaqədar timsahların müəyyən bir ərazidə toplaşdığını mətbuatla paylaşan Tomas heyvanların yerini əvvəlcədən bildiklərini bildirib.

Tomas 800 kiloluq bir timsahdan çıxan 340 kilo əti evsizlər və yoxsullar üçün bir təşkilata bağışladıqlarını ifadə edib.

Qeyd edək ki, 2014-cü ildə ABŞ-ın Alabama ştatında ovçular uzunluğu 6 metrdən bir qədər çox olan timsah tutmuşdular. Sözügedən timsah dünyada indiyə qədər tutulan ən böyük timsah kimi qeydə alınıb.