“Komando dədə” arvadını öldürdü: MƏHƏLLƏDƏ QORXU YAŞANDI

Cebeci mənzilin pəncərəsindən tapança ilə atəş açaraq məhəlləni qorxuya salıb

  Türkiyənin Adana bölgəsində bir kişi həyat yoldaşını baltalayıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, hadisə Adananın Yüreğir bölgəsində baş verib. PTT Evləri məhəlləsində yaşayan 70 yaşlı İbrahim Cebeci həyat yoldaşı, 65 yaşlı Ayşə Cebecini balta ilə vurub öldürdükdən sonra məhəllə muxtarının yanına gedərək əməlini etiraf edib. Məhəllə muxtarının polisə məlumat verməsindən sonra əraziyə gələn polislər Ayşə Cebecinin cəsədini mənzildə aşkarlayıblar. 

Məlum olub ki, İbrahim Cebeci səhər saatlarında həyat yoldaşının başına balta ilə bir neçə dəfə zərbə endirərək öldürüb. İ.Cebeci polis idarəsinə gətirilib. Türk dili müəllimi olmuş İ.Cebeci məhəllədə qeyri-adi davranışları ilə tanınıb. Məhəllə camaatı məhz bu davranışlarına görə ona “Komando dədə” ləqəbi verib. Bundan əvvəl İ.Cebeci mənzilin pəncərəsindən tapança ilə atəş açaraq məhəlləni qorxuya salıb. Hətta ora gələn polis əməkdaşlarına da müqavimət göstərərək, “təslim olmayacağını” deyib. Lakin mənzilə gizli şəkildə daxil olan polis əməkdaşları “komando dədə”ni zərərsizləşdirməyi bacarıb. İ.Cebeci hərbi formaya bənzər libaslar geyinib cəlbedici aksessuarlardan istifadə etməklə məhəllənin diqqətini çəkib. “Komando dədə” ağaclardan başı aşağı sallanaraq hərbi marşlar söyləyirmiş. Bunlar göstərir ki, İ.Cebecinin əqli problemləri olub. Qonşular onun hətta evini yandırmaq istədiyini də deyib. O, 3 ay psixoloji müalicə alsa da, nəticəsi olmayıb.