Gözü yaşlı ailələr xəbər gözləyir: Fəlakət nəticəsində 9 fəhlə itkin hesab edilir

Türkiyənin Ərzincan bölgəsində qızıl mədənində baş vermiş faciədə torpaq kütləsi altında qalan mədənçilərin xilası üçün işlər davam edir. Gözü yaşlı ailələrsə fəlakət bölgəsinə gələrək sevindirici xəbərin intizarındadır. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, fəlakət nəticəsində 9 fəhlə itkin hesab edilir. Onlardan 5-i konteynerdə, 3-ü avtomobildə, 1-i isə yük avtomobilinin içində  olub. Ərazidə baş vermiş nəhəng torpaq sürüşməsi nəticəsində qızıl mədəninin işçiləri, hesabamalara görə, 10 milyon kub.metr torpaq kütləsi altında qalıb. Fəhlə yoldaşlarının xilasını gözləyən Cihat Qaradağ torpaq sürüşməsini zəlzələ bilərək olduğu yerdən kənara çıxıb. Ərazidəki media nümayəndələrinə açıqlama verən C.Qaradağ “elə bildim zəlzələdir. Olduğum yerdən tez bayıra çıxdım. Gördüm üzərimizə qara torpaq kütləsi gəlir. Bu, dəhşət idi. Sonra yoldaşların telefonuna zəng etdim. Heç birinə zəng çatmırdı… İllərdir bərabər işləyirik. Onlar da bizim ailəmiz, canlarımızdır. Nə söyləyim, onlara necə təskinlik verim, bilmirəm. Hamımızın ürəyi, ciyəri yanır…” söyləyib. Digər fəhlələr də torpaq kütləsi altında qalan yoldaşlarının ailə üzvləri ilə birgə xilasetmə işlərinin bir nəticə verəcəyini ümidlə  gözləyirlər. Torpaq altında qalmış, heç bir xəbər alınmayan mədənçilərin ailə üzvlərinə Ərzincan Ailə və Sosial Xidmətlər Bölgə Müdirliyinin əməkdaşları psixo-sosial dəstək göstərir. 
Məlahət