4 ayda 2 dəfə qaçırıldı: Hər dəfə fidyəyə faiz gəldi

Türkiyənin Adana bölgəsində məskunlaşmış suriyalı Salih İsmayılın həyat yoldaşı Dilan İsmayıl 4 ay ərzində, müxtəlif zaman aralıqları ilə qaçırılıb. Salih İsmayıl birinci qaçırılma hadisəsindən sonra həyat yoldaşının geri gətirilməsi üçün 20 min dollar ödəyib. Amma insan ticarətiylə məşğul olanlar sakitləşməyib. Gənc qadını ikinci dəfə qaçırıblar və bu dəfə 25 min dollar tələb ediblər. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, İsmayıl ailəsi Adananın Yüregir əyalətinə bağlı “19 Mayıs” məhəlləsində məskunlaşıb. S.İsmayılın həyat yoldaşı Dilan İsmayıl 2 ay əvvəl küçədəykən naməlum şəxslər tərəfindən qaçırılıb. Həyat yoldaşına zəng edən adamlar qarşılıq olaraq 20 min dollar ödəməsini tələb ediblər. Salih də toyda hədiyyə edilmiş qızılları sataraq tələb olunan pulu ödəyib. Polisə də xəbər verməyib. Bir neçə gün sonra Dilanı azad ediblər. 2 aydan sonra növbəti qaçırılma olayı baş verib. Küçəyə zibil atmağa çıxan Dilan yenə qaçırılıb. Və bu dəfə onun geri göndərilməsi üçün 25 min  dollar tələb edilib. Salih isə satmağa artıq bir şey qalmadığından polisə müraciət edib. Hazırda Dilanın axtarışları davam edir. “İxlas” xəbər agentliyinə açıqlama verən Salih İsmayıl həyat yoldaşına zərər verəcəklərindən qorxur. Həm də həyat yoldaşını qaçıran adamların durumun polisə bildirilməsini öyrənmələrindən də ehtiyat edir. Lakin “başqa çarəm yoxdu. Satmağa heç nə qalmayıb. Toyda bizə hədiyyə edilən qızılları satıb 20 min dollar düzəldib yoldaşımı qaçıranların dediyi yerə qoydum, sonra onu geri göndərdilər. İndi yenə pul istəyirlər. Daha yoxumdur. Ümidim polisədir”, deyib. Dilan İsmayılı qaçıranlar zəng edib onun Almaniyada olduğunu da deyiblər. Amma bu yalandır, doğrudur, iz azdırmaq üçündür, bilinmir.