Keçiləri oğurlandı, insanlardan küsdü: 17 ildir dağda yaşayır

  Antalyanın Kəmər bölgəsində yaşayan 80 yaşlı Mehmet Çabuk illərdir kimsəylə görüşmür, danışmır. 17 yıl əvvəl 150 keçisi oğurlanan M.Çabuk o vaxtdan insanlardan küsüb və dağa sığınıb. Burada taxtadan inşa etdiyi daxmada bir neçə baş ev heyvanıyla yaşamını davam etdirir. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, M.Çabukun qardaşı oğlu Şəfa Çabuk əmisinin yaşayışı haqqında məlumat verib. Əmisini ziyarət edən Ş.Çabuk onunla fotosunu da paylaşıb. M.Çabuk keçiləri oğurlandıqdan sonra insanlardan küsüb dağda yaşamağa başlasa da, yenə də təsərrüfat yarada bilib. Hazırda onun 100-ə yaxın keçisi var və deyir ki, keçilər olmasa, 1 saat da burada qalmaz. M.Çabuk dağda heyvanlarıyla birgə yaşamağa alışıb artıq. Həftədə 2 dəfə ərzaq almaq üçün qəsəbəyə enir. Alış-veriş edib təkrar komasına, keçilərin yanına qayıdır. Gecələr keçiləri də daxmanın içində yatırır. Səhər erkən saatlarda oyanır, ətrafda dolaşır, çiçəklər toplayır, təmiz nemətlərlə qidalanır, qohum-əqrəbası narahat olmasın deyə, onu ziyarətə gələn qardaşı oğluyla xəbər göndərir. Vadidəki axar çayda yuyunur, bölgəyə gələn turistlərlə işarələrlə ünsiyyət qurur. Heç bir dərmandan istifadə etmir, gün ərzində 2 dəfə qidalanır. M.Çabuk keçilərinin oğurlanmasından böyük üzüntü keçirib, təzyiq xəstəliyinə tutulub. Lakin dağa köçəndən sonra təzyiq problemi də yavaş-yavaş ortadan qalxıb. M.Çabuk “burda heç sıxılmıram. Hər səhər gəzirəm, ətrafı dolaşıram. Allah nə verirsə, yeyirəm. Səhərlər topladığım çiçəklərdən çay dəmləyirəm, keçi pendiri, zeytunla səhər yeməyimi bitirirəm. 2007-ci ildə keçilərimi oğurladılar. Axşam hamısını ahıra qatmışdım, səhər oyandım, baxdım ki keçilər yoxdu. Gecə oğrular gəlib keçilərimizi maşına yükləyib aparmışdılar. Bu, mənə çox pis təsir etdi, ürəyim ağrıdı, təzyiqim qalxdı. Sonra bura gəldim, özümə yeni koma tikdim. Keçilərim də getdikcə çoxaldı. İndi onlarla yenə xoşbəxtəm”. M.Çabuk heç vaxt evli olmayıb, bundan sonra evlənməyi də düşünmür. Ən yaxın dəstəkçisi də qardaşı oğludur. Tez-tez onun görüşünə gedir, vəziyyəti ilə maraqlanır. M.Çabukun qardaşı oğlu Şəfa Çabuk Ulupınar məhəllə muxtarı Həbib Altınkayanın da əmisinə dəstək olduğunu deyib.