“2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb”.
bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Açıq qapı” günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də ictimaiyyətə məlumat verilib.
“Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seysmik aktivlik fon səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun”, - Q.Yetirmişli vurğulayıb.
AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyev “Sherg.az”a vurğulayıb ki, bizim yerləşdiyimiz ərazi aktiv qurşaqlarından biridir:
“Ölkəmizdə yeraltı təkanların olması labüddür. Bu ərazinin mahiyyətindən irəli gələn prosesdir. Elə il olub ki, 10 minlərlə silkələnmə baş verib. Ümummiyətlə ərazimizin yerləşmə mahiyyətinə görə yeraltı təkanlar və silkələnmələr olmalıdır. Çünki planetin 3 əsas seysmik aktiv zonalarının birində yerləşirik. Bu Fransanın Şimalından İndoneziyaya qədər böyük bir ərazini tutan sahədir. Həddindən artıq böyütmək və camaatı qorxuya salmaq lazım deyil. Burada qorxulu bir hadisə yoxdur. Ümumiyyətlə Azərbaycan xalqında belə bir fikir formalaşıb ki, zəlzələ ancaq Türkiyədə baş verən zəlzələdəndir. Türkiyədəki dağıntılar tək zəlzələnin günahı deyildi. Təmir məsuliyyətsizliyi daha çox üstünlük təşkil edir”.