Bayram günlərində ölkə ərazisində yağan yağıntılarla əlaqədar çaylarda suyun səviyyəsində nisbətən artım müşahidə edilib.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib. O bildirib ki, bu mövsümi xarakter daşıyır:
"Müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Kür çayının aşağı axınında da suyun səviyyəsində artım müşahidə edilib. Lakin bu artım Kür çayı üçün böyük göstərici deyil. Hazırda Kür çayında suyun səviyyəsində artıb-azalma müşahidə edilir. Artıq yağıntılar kəsib. Buna görə bəzi məntəqələrdə suyun səviyyəsində azalma müşahidə edilir".
Ekoloq Rövşən Abbasov “Sherg.az”a açıqlamasında bildirib ki, Kür çayında suyun artması ürəkaçan hadisədir:
“Kür çayında adətən ilin bu vaxtları artım olmur. Kür çayı gur sulu dövrünü aprel-may aylarında keçirərək illik maksimuma çatır. Ancaq yağıntıların çox olması Kür çayında hazırda suyun səviyyəsini artırıb. Belə görünür ki, aprel və may aylarında Kürdə artım daha yüksələcək. Əgər bu artım baş verməsə vəziyyət daha da pisləşə bilər.Ümumiyyətlə indiki yağıntılar kənd təsərrüfatı torpaqlarını və taxıl zəmilərinə müsbət təsir göstərəcək. Su qıtlığı xeyli aradan qalxdı, su anbarları doldu. İlin bu dövründə yağan yağıntılar yaxşı məhsulun olacağından xəbər verir”.