Tanınmış meyxanaçının yeni doğulan körpəsi öldü

Lənkəran Perinatal Mərkəzində körpə ölümü baş verib.
Sherg.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər Lənkəran Perinatal Mərkəzində dünyaya gələn oğlan uşağı ölüb.

Yaxınlarının dediyinə görə, uşaqda heç bir problem olmayıb. Körpə qeysəriyyə əməliyyatı zamanı ölüb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ölən körpənin lənkəranlı tanınmış meyxanaçı Oruc Bayramsəsin övladı olduğu bildirilir.

***

İkinci hamiləliyi olan və 2-ci dəfə qeysəriyyə əməliyyatı olması planlaşdırılan 1993-cü il təvəllüdlü qadın hamiləliyinin 38-ci həftəsində 03.06.2024-cü il tarixdə gündüz saatlarında Lənkəran Rayon Perinatal Mərkəzə müraciət edib.

Bu barədə Lənkəran Perinatal Mərkəzində yeni doğulan körpənin ölümü ilə bağlı TƏBİB-dən bildirilib.

Məlumata görə, hamilə bütün lazımi müayinələrdən keçirilib: "Saat 21:15-də planlı əməliyyat məqsədilə Doğum şöbəsinə daxil olub. 04.06.2024 tarixində saat təqribən 07:30- 07:35 radələrində müalicə həkimi dölün ürək vurğularını eşitmədiyi üçün əməliyyata alıb, döl ölü doğulub. Hazırda ananın vəziyyəti qənaətbəxşdir. Əməliyyatdan sonrakı nəzarət Reanimasiya şöbəsində davam etdirilir.

Ölü döl təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib".