MN-də mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

”Sherg.az” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, iş üzrə barəsində məcburi gətirilmə qərarı çıxarılmış şahid A. Rzayevin yenə məhkəməyə gətirilməsi mümkün olmayıb.

Vəkil Rəşad Mirmehdizadə məhkəmədə vəsatətlə çıxış edərək bildirib ki, iş üzrə olan bəzi şahidlərin məhkəməyə gətirilməsi mümkün deyil, bu səbəbdən həmin şahidlərin ifadəsinin elan olunmasını istəyirlər.

Hakimlər yerində müşavirə edərək vəsatəti qismən təmin edib.

Dindirilməyən şahidlərdən 4 nəfərin ifadəsi elan edilib.

Hakim bildirib ki, A. Rzayevin məhkəməyə gəlməsi üçün müvafiq tədbirlər görüləcək.

Daha sonra prosesdə Cəlal Kazımovun vəkili müvəkkilinin ailə üzvlərinə məxsus bəzi əmlakların həbsdən çıxarılmasını xahiş edib.

Proses iyulun 5-də davam edəcək

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.