Seysmoloqdan şok açıqlama: Təkanlar yüksələn xətt ilə gedərsə, yenidən güclü zəlzələ ola bilər

Azərbaycanın cənub bölgəsində 5 maqnitudada zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.

AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru Ənvər Əliyev “Sherg.az”a  bildirib ki, zəlzələ 3-4-5 bal gücündə olsa da, daha sonra bu bal arta bilər:

“Bəzi zamanlarda isə yüksək bal ilə baş vermiş zəlzələnin dərəcəsi aşağı düşür. Burada dəqiq qanunauyğunluğu tutmaq mümkün deyil. Çünki ətraflarda da belə yüngül, xırda zəlzələlər olub və hələ də davam edir. Hətta bəzən görürük ki, 3-4 ballıq zəlzələni cəmiyyətə güclü zəlzələ kimi təqdim edirlər. Lakin bir rəqəmlə güclü zəlzələ olacağının proqnozunu vermək olmaz. Ümumiyyətlə ərazimiz seysmoloji zonada yerləşdiyinə görə zəlzələnin olması normal qanunauyğunluqdur. Zəlzələnin qabaqcadan olacağının proqnozunu verən praktika yoxdur. Ancaq təkanlar yüksələn xətt ilə gedirsə, yenidən güclü zəlzələ ola bilər. İnanmıram ki, zəlzələ ola. Lənkəranda, Gürcüstanda və Türkiyədə də 4-5 ballıq zəlzələlər baş verib”.