İspaniyanın Mayorka adasında, sosial media vasitəsilə qoruma altındakı nadir pişik növlərini satdığı iddia edilən bir cütlük, İspaniya Mülki Qvardiyasının keçirdiyi əməliyyatla həbs edilib.
Sherg.az xəbər verir ki, ilkin araşdırmalara görə, bu cütlük ağ pələnglər, pumalar və buludlu leopard kimi nəsli təhlükədə olan heyvanları saxlayıb və sosial mediada satışa çıxarıb.
Polisin evə etdiyi basqın zamanı 19 pişik ələ keçirilib. Bunlara bir karakal, iki serval və 16 melez pişik daxildir. Xilas edilən heyvanlar müvəqqəti olaraq Mayorkadakı Son Servera Safari Zooparkına yerləşdirilib. Onların yaxın günlərdə Alicante yaxınlığında yerləşən bir xilasetmə mərkəzinə köçürüləcəyi bildirilib.
Təhlükəsizlik qüvvələri, cütlüyün sosial media hesablarının çox aktiv olduğunu, dünyanın müxtəlif ölkələrindən insanların onlarla bu platformalar üzərindən əlaqə saxladığını bildirib.
Xüsusilə buludlu leopardın qiymətinin 60 min avro olduğu və açıq şəkildə satışa çıxarıldığı ortaya çıxıb. Həmin hesablarda sırtlan, səhrə vaşağı və puma kimi digər vəhşi heyvanların da reklamının edildiyi aşkarlanıb.
Beynəlxalq Heyvan Rifahı Fondu (IFAW)-na görə, Avropa qeyri-qanuni egzotik heyvan ticarətinin mərkəzinə çevrilib. Bu sahədəki qanunsuz fəaliyyətlər getdikcə artır.
Sosial mediada bu cür heyvanların lüks və status göstəricisi kimi təqdim edilməsi də bu tələbi artırır. Amma mütəxəssislər xəbərdarlıq edir: bu pişiklər çox geniş sahəyə ehtiyac duyur, baxımı çətindir və təhlükəli vəhşi instinktlərə sahibdirlər. Buna görə bir çox sahiblər sonradan onlardan qurtulmaq istəyir.
İspan polisi bildirib ki, bu əməliyyat mart ayında başlanan daha geniş bir istintaqın tərkib hissəsidir. Şəbəkənin qlobal ölçüdə fəaliyyət göstərdiyi, heyvanların çoxunun Rusiya, Belarus və Ukraynadan qaçaq yollarla gətirildiyi və saxta sənədlərlə Avropa İttifaqı ərazisində satıldığı vurğulanıb.
Eyni istintaq çərçivəsində, başqa bir şəxsin də internet vasitəsilə egzotik heyvan satdığı üçün araşdırıldığı qeyd olunub.