Barəsində həbs qərarı olan cinayətkar qruplaşma şübhəlisi Ö.A.K. Azərbaycanda saxlanılaraq Türkiyəyə gətirilib.
Daxili İşlər Nazirliyinin açıqlamasına görə, Türkiyə Polis Baş İdarəsinin KOM İdarəsi və Respublika Baş Prokurorluqlarının koordinasiyası, İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Azərbaycan Polisinin əməkdaşlığı ilə birgə əməliyyat keçirilib.
Aparılan araşdırmalar zamanı iş yerlərinin atəşə tutulması və iş adamlarından hədə-qorxu yolu ilə pul tələb etməklə qarətə cəhd hadisələrində iştirak edən və bu cinayətlərə görə hazırda həbsdə olan yeni nəsil cinayətkar qruplaşmanın üzvləri ilə əlaqəli Ö.A.K.-nin yeri müəyyən edilib.
Barəsində “qəsdən adam öldürmə”, “lisenziyasız odlu silah və sursat əldə etmə və ya daşıma” və digər müxtəlif cinayətlər üzrə axtarış qərarı olan Ö.A.K. Azərbaycanın paytaxtı Bakıda saxlanılaraq Türkiyəyə gətirilib.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi sosial media hesabında açıqlama verib. Nazir bildirib ki, xalqın əmin-amanlığını pozmağa çalışan şəxslər üçün dünyanın heç bir yerinin təhlükəsiz sığınacaq olmadığını qeyd edərək, istər Türkiyədə, istərsə də dünyanın ən ucqar nöqtəsində olsun, mütəşəkkil cinayətkar dəstələrə, küçə quldurlarına və narkotik tacirlərinə heç vaxt imkan verməyəcəklərini bildirib.
Çiftçi qanunları tanımayan və xalqın təhlükəsizliyinə təhdid yaradan cinayətkar şəbəkələrin üzvlərini gizləndikləri yerlərdən çıxararaq mütləq ədalət qarşısına çıxaracaqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycanda saxlanılaraq Türkiyə ədalətinə təhvil verilən şəxsin bu qətiyyətin ən bariz göstəricisidir.
Çiftçi açıqlamasında deyib:
“Bu uğurlu sərhədyanı əməliyyatın həyata keçirilməsinə töhfə verən, ilk növbədə, qəhrəman polis əməkdaşlarımıza, Ədliyyə Nazirliyimizə və dəstəyini əsirgəməyən azərbaycanlı qardaşlarımıza ürəkdən təşəkkür edirəm. Türkiyənin əmin-amanlığı naminə fasiləsiz, yorulmadan və güzəştə getmədən mübarizəmizi davam etdirəcəyik”.
Daxili İşlər Nazirliyinin açıqlamasında bildirilib:
“Yeni nəsil cinayətkar qruplaşmalarla mübarizəmizi qətiyyətlə davam etdiririk. Polis Baş İdarəsinin KOM İdarəsi və Respublika Baş Prokurorluqlarının koordinasiyası, İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Azərbaycan Polisinin əməkdaşlığı ilə aparılan birgə iş nəticəsində beynəlxalq miqyasda əhəmiyyətli əməliyyat keçirilib.
Aparılan araşdırmalar zamanı iş yerlərinin atəşə tutulması və iş adamlarından hədə-qorxu ilə pul tələb etməklə qarətə cəhd hadisələrində iştirak edən və bu cinayətlərə görə hazırda həbsdə olan yeni nəsil cinayətkar qruplaşmanın üzvləri ilə əlaqəli Ö.A.K. adlı şəxsin izinə düşülüb.
Barəsində "qəsdən adam öldürmə", "istifadə etmək məqsədilə narkotik və ya psixotrop maddə əldə etmə, qəbul etmə, saxlama və istifadə etmə’ və iki ayrı epizod üzrə ‘lisenziyasız odlu silah və sursat əldə etmə və ya daşıma" cinayətləri ilə bağlı axtarış qərarı olan Ö.A.K. adlı şəxs Bakıda saxlanılaraq ölkəmizə gətirilib.
Mütəşəkkil cinayətkar qruplaşmalar və şəhər quldurları ilə mübarizəmizi həm sərhədlərimiz daxilində, həm də sərhədlərimizdən kənarda qətiyyətlə davam etdiririk.
Qəhrəman polis əməkdaşlarımızı, KOM İdarəmizi, İstanbul Polis İdarəmizi və əməliyyatda əməyi keçən hər kəsi təbrik edirik. Azərbaycan Polisinə təşəkkür edirik.”