Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) bu gün saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
***
14:44
Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər.
Bu barədə Teleqraf-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Bildirilib ki, agentlik rayonun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
"İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.

