Günəş qısa fasilə verib: Qarşıdakı 2-3 gündə maqnit qasırğası gözlənilmir

Yaxın 2–3 gün ərzində Yer kürəsində güclü maqnit qasırğalarının baş verməsi gözlənilmir. Günəşin aktivliyi həftəsonu əhəmiyyətli dərəcədə azalıb.

Sherg.az xəbər verir ki, Günəş Astronomiyası Laboratoriyasının məlumatına görə, şənbə və bazar günləri cəmi 9 alışma qeydə alınıb. Halbuki bundan əvvəlki gün bu göstərici 30-dan çox olub.

Mütəxəssislər bildirirlər ki, Günəş diskində ləkələrin sayı hələ də çoxdur. Lakin hazırda güclü plazma atılmaları qeydə alınmayıb və günəş küləyinin əsas göstəriciləri sabitdir.

Laboratoriya yaxın günlərdə ciddi geomaqnit təlatümlərin baş verəcəyini gözləmir. Buna baxmayaraq, Günəşdəki ləkələrin həftənin ortalarınadək müşahidə olunması tövsiyə edilir.

Qeyd edək ki, avqustun 20-də Günəşdə M8.1 səviyyəsində güclü alışma qeydə alınmışdı.