Helikopter qəzası Ukraynanı sarsıtdı

Müharibədə hansı tərəfin qalib olması mart ayında aydın olacaq

  Yanvarın 18-də Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzaya uğrayıb. Göyərtəsində 9 nəfərin olduğu helikopterin uşaq bağçası və yaşayış binasının üzərinə düşməsi nəticəsində ümumilikdə 19 nəfər ölüb, 29 nəfər yaralanıb. Nəticədə Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç həlak olublar. Ukrayna Daxili İşlər Nazirliyi Kiyev vilayətində baş verən helikopter qəzasının səbəbləri ilə bağlı açıqlama yayıb. Qəzanın başvermə səbəbləri arasında helikopterdə texniki nasazlıq, təhlükəsizlik qaydalarının pozulması və diversiya ehtimalları mümkün sayılır. 

"Qurbanlar Ukraynanın əsl vətənpərvərləridir"

  Ukrayna Prezidenti Volodimir Zelenski helikopter qəzasının səbəblərinin araşdırılmasını tapşırıb. O, faciə qurbanlarının sayının dəqiqləşdirildiyini vurğulayıb: "Kiyev vilayətinin Brovarı rayonunda dəhşətli faciə baş verib. Faciə qurbanlarının xatirəsini əziz tutur, yaxınlarına başsağlığı verirəm. Qurbanlar Ukraynanın əsl vətənpərvərləridir". Zelenski hadisə ilə bağlı Ukrayna Təhlükəsizlik Xidməti, Milli Polis və başqa səlahiyyətli orqanlara hadisənin araşdırılması ilə bağlı göstəriş verdiyini bildirib.

Helikopter qəzasında ölən nazir hara gedirmiş?

  Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirill Timoşenko məlumat verib ki, daxili işlər naziri Denis Monastırski helikopterlə döyüş əməliyyatları aparılan əraziyə uçurmuş: "Uçuşun məqsədi işlərlə bağlı idi. Daxili işlər naziri hərbi əməliyyatların aparıldığı ən qaynar nöqtəyə uçurdu”. 

Şarl Mişel helikopter qəzasına görə Ukraynaya başsağlığı verib

  Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Kiyevdə baş vermiş helikopter qəzası ilə bağlı Ukraynaya başsağlığı verib. Mişel bildirib ki, həlak olan daxili işlər naziri Denis Monastırski Aİ-nin dostu idi: “Biz Ukraynanın kədərini bölüşürük. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk”.

"Ukraynaya hər cür dəstəyi verməyə hazırıq”

  Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də Ukraynanın daxili işlər naziri Denis Monastırski də daxil olmaqla 19 nəfərin həlak olduğu təyyarə qəzası ilə bağlı Ukrayna xalqına başsağlığı verib: “Ukraynanın daxili işlər naziri Denis Monastırski, onun komandasının üzvləri və mülki şəxslərin həyatına son qoyan helikopterin bu səhər qəzaya uğraması faciəvi xəbərdir. Denis Böyük Britaniyanın əsl dostu idi”.

"Gələn ay Ukraynanın əks-hücumları gözlənilir"

  Politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə deyib ki, müharibə daha da ciddi mərhələyə keçib, Ukrayna qoşunları şərq cəbhəsində çətinliklə üzləşir. Analitikə görə, Ukraynanın hücuma keçməməsi əsasən Qərbdən vəd edilən silahların vaxtında çatdırılmamasıdır:

"Fevral və mart ayı həlledici mərhələ olacaq. ABŞ və Avropa ölkələri uzaq vuran artilleriya və raket sistemlərini, Patriotları vaxtında təhvil verməsə, Rusiyanın irəliləyişi qaçılmaz olacaq. Baxmut və Soledarda döyüşlər göstərdi ki, Ukraynanın müdafiədə olması onu çətin vəziyyətə salır. 

ABŞ prosesdə təşəbbüsü ələ almasa, Rusiya müharibənin birilliyində irəliləyişlərə nail olacaq. Rusiya Prezidenti Vladimir Putin qəti şəkildə müharibədən geri çəkilməyəcək. Gələn ay Ukraynanın əks-hücumları gözlənilir. 

Amma Rusiya da boş oturmur və əks-hücumların qarşısını almaq üçün dayanmadan hücumlar təşkil edir. Ukraynanın şərq cəbhəsində ağır döyüşlərdə  hansı tərəfin qalib olması isə mart ayında aydın olacaq. Rusiya Ukraynanı bir dövlət kimi yox etməyə çalışır".