Şagirdin güllələdiyi müəllim əməliyyata hazırlanır - YENİLƏNİB

Bu gün saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.

Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

***

11:02

Məktəbdə şagirdin güllələdiyi müəllim Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

APA xəbər verir ki, o, əməliyyata hazırlanır.

Vəziyyətinin ağır olduğu bildirilir.

***

10:47

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.

APA xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

***

10.41

Bakıda şagird müəllimi güllələyib.

APA xəbər verir ki, insident Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən “İdrak” Liseyində baş verib.

Yuxarı sinif şagirdinin liseyin 28 yaşlı qadın riyaziyyat müəllimini güllələdiyi bildirilir.

Araşdırma aparılır.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri “unikal.az” yayıb.