Malayziyada şok hadisə baş verib. Yaponiyadan ölkəyə uçan sərnişin təyyarəsinin eniş şassisi bölməsində gənc kişinin meyiti aşkarlanıb.
Sherg.az xəbər verir ki, hadisə avqustun 27-də Kuala Lumpur Beynəlxalq Hava Limanında baş verib. Tokiodakı Haneda hava limanından havaya qalxan təyyarə eniş etdikdən sonra texniki baxışa götürülüb. Qısa müddət sonra texniki heyət təyyarədən pis qoxu gəldiyini müəyyən edib və bu barədə aidiyyəti qurumlara məlumat verib.
Aparılan yoxlama zamanı təyyarənin sağ eniş şassisi bölməsində üzüüstə uzanmış kişi meyiti aşkarlanıb.
İlkin araşdırmaya əsasən, 17-25 yaşlarında olduğu ehtimal edilən şəxsin ən azı 72 saat əvvəl öldüyü müəyyənləşdirilib. Onun üzərində ağ kapüşonlu geyim, mavi cins şalvar, qəhvəyi dəri kəmər və qara idman ayaqqabısı olub. Şəxsin üzərindən heç bir şəxsiyyət sənədi çıxmayıb.
Meyit yarılma və şəxsiyyətin müəyyənləşdirilməsi üçün Serdang Xəstəxanasının məhkəmə-tibb şöbəsinə aparılıb. Hadisənin necə baş verdiyini müəyyənləşdirmək üçün araşdırma başlanıb.